31 ildən sonra xəbəri çıxan Araz Rüstəmovun qardaşı: “Anam nisgilli getdi” – FOTO

HƏRBİ


İllərdir Qarabağ müharibəsinin acısını yaşayan Rüstəmovlar ailəsi yenicə xəbər çıxan doğmalarının qalığını qarşılayıb dəfn etməyə hazırlaşırlar. Bu günlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundovun açıqladığı məlumatda kimliyi bəlli olan 15 nəfərdən birinin Xızı rayonunun Giləzi qəsəbəsində doğulmuş Araz Bağı oğlu Rüstəmov olduğu məlum olub.

Şuşa həbsxanasının ərazisində tapılan insan qalıqlarının hərtərəfli müayinəsindən sonra onlardan birinin Araz Rüstəmova məxsus olması təsdiqlənib və ailəyə xəbər verilib.

Araz Rüstəmovun böyük qardaşı Hacıbaba Rüstəmov bu barədə Bizim.media-ya açıqlama verib.

Onun sözlərinə görə, xəbəri həm sevinc, həm də kədər hissi ilə qarşılayıblar:

“Anam Firəngiz bu xəbəri eşitməmiş dünyadan köçdü. Vətən müharibəsindən əvvəl və sonra ailəmizin bütün üzvlərindən DNT analizi götürülmüşdü. Rəhmətlik anamdan da götürmüşdülər. Anam səbirsizliklə gözləyirdi Arazdan bir xəbər çıxmağını. Ölən günədək “Araz” dedi anam. Arazdan nisgilli getdi. Buna çox kədərlənir və təəssüf edirik”.

Bununla belə, Hacıbaba Rüstəmov ailəsi adından ölkə Prezidentinə və bütün bu prosesləri səbir və təmkinlə aparmış dövlət orqanlarına təşəkkür edib:

“Sağ olsunlar, əziyyəti olan hər kəsə minnətdarıq. İndi rahat olarıq. Bilərik ki, qəbri var, gedib ziyarət edərik”.

Ailə üzvləri danışırlar ki, Araz cəbhəyə könüllü gedib. O zaman 24 yaşı vardı, “Azərnəşr”də işləyirdi. Qazaxıstanda hərbi qulluq keçmişdi, Qarabağda baş verən erməni vəhşiliyinə dözməyib öz istəyi ilə Qarabağa yollanmışdı.

Araz Rüstəmovun 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında iştirak etdiyi bildirilir. Olduqca vətənpərvər gənc olan Araz Rüstəmov 20 Yanvar hadisələrində də iştirak edibmiş.

Araz Rüstəmovlar ailəsinin üç oğlundan sonuncusu olub. İndi iki qardaşı, bir bacısı və ailələri Arazın qalıqlarını gözləyirlər.

Xızı rayon İH başçısının müavini Arzu Əzizov Araz Rüstəmovun qalıqlarının sabah saat 13-də Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediləcəyini bildirib.

Arazın 31 ildən sonra doğma yurdunda dəfn edilməsi mərhum anası Firəngizin narahat ruhunu da şad edəcək.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir