Kiyevdə müharibədə məhv edilən Rusiya hərbi texnikalarının paradı keçirilir – FOTOREPORTAJ

Dünya


Kiyev küçələrində Ukrayna-Rusiya müharibəsində zərərsizləşdirilən Rusiyaya məxsus tankların və digər zirehli texnikanın nümayişi başlanılıb.

“resmixeber.az”un Şərqi Avropa bürosunun məlumatına görə, nümayiş olunan texnikalar arasında Rusiya ordusuna məxsus məhv edilən artilleriya sisteminin nümunələri də var.

Onların nümayişi həftənin sonuna kimi davam edəcək. Avqustun 24-də, Ukraynanın Müstəqillik Günü ərəfəsində bu nümayişin daha təntənəli olacağı gözlənilir. Bu müddətdə cəbhədə yeni sıradan çıxarılmış Rusiya hərbi texnikaları da paytaxt küçələrindəki sərgiyə çıxarılacaq.

Kiyev sakini İrina Nikitina “resmixeber.az”a bildirib ki, müharibə hər bir Ukrayna vətəndaşına təsir edib, uşaqlar çox sarsılıblar:

“Uşaqlarımla buradakı texnikalara baxmağa gəlmişik. Onlar lazerli tanklara baxdılar, şəkillər çəkdirdilər. Övladlarımızın belə hadisələrə şahid olmalarını istəməzdik”.

O qeyd edib ki, şəhərdə sakitlik hökm sürsə də, daxilən psixoloji travma yaşayırlar:

“Bu travma hər kəsə özünəməxsus şəkildə təsir etdi. Çünki kiminsə cəbhədə əri, yaxınları həlak olur. Havadakı ölüm qoxusu ölkəmizin küçələrindədir. Yəni kənardan hər şey yaxşı kimi görünsə də, əslində, mənzərə belə deyil. Hər gün böyük ağrılar yaşayırıq, canımızın, sevdiklərimizin, övladlarımızın və valideynlərimizin həyatları üçün qorxuruq”.

Qostomel sakini Anya Bessarabina isə “resmixeber.az”a açıqlamasında bildirib ki, texnikalar o qədər də xoş təəssürat doğurmur:

“Mən Qostomeldəki işğaldan sağ çıxdım. Bütün bu tanklar mənim pəncərəmin altında idi. Onları rus əsgərləri idarə edirdilər və bu, dəhşətli idi. İstəyirəm ki, bütün ukraynalılar inanıb Allaha dua etsinlər və müstəqil dövlət olacağımızı bilsinlər. Mən ukraynalı olduğum üçün fəxr edirəm”.

Digər Kiyev sakini Natalya Vaşinko bildirib ki, 2014-cü ildə Krımdan Kiyevə gəlib:

“Bütün bu illər mənim üçün çox ağır oldu. Müharibə başlayanda çox qorxulu idi, lakin indi mən hərbçilərimiz, xalqımız, ölkəmizlə fəxr edirəm. Bütün bu məhv edilən texnikanı nümayiş etdirməliyik. Hərbçilərimizin cəbhədə nələr yaşadığını təsəvvür etmək, sadəcə, qorxunc və dəhşətlidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir