
Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və
nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə
Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və
Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”
keçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər
şəxsləri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan və
Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri,
səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə
fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin
təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri həmçinin
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsində
tanınmış elm adamları iştirak ediblər.
”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və
Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın
açılış mərasimində çıxış edən Teymur Musayev tədbirin mahiyyətini
vurğulayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanda tibb
təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb:
“Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni
bina tikilib. Bu, ümummilli lider Heydər Əliyevin səhiyyəyə, tibb
təhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyük
diqqətin təzahürü idi”.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin
zəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazir
deyib:
“Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü
humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz
diqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.
Nazir qeyd edib ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin
kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun
səviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışır.
Beynəlxalq konfransda çıxış edən Türkiyə Respublikası Ege
Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin Çeber
Turfan, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Tibb Bacısı
İşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, Qazaxıstan
Respublikası “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov,
Qırğızıstan Respublikasının Bişkek Ali Tibb kollecinin direktoru
Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda
keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə
görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə
əldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübə
mübadiləsinin aparmasına imkan yaradır.
Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalar
keçirilib.
Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıq
ixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişaf
istiqamətləri”, ”Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma və
süni intellektin rolu”, ”Mamalıq təhsilində keyfiyyətin təminatı:
beynəlxalq standartlar” və digər məruzələr dinlənilib. Sonra
məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair
suallar cavablandırılıb.
Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlar
təqdim olunub.

