
Bakı.Trend:
Biznesin İnkişaf Fondu İqtisadiyyat Nazirliyinin tabeliyində
yaradılmış publik-hüquqi şəxsdir. Əsas məqsədi sahibkarları
güzəştli maliyyə mexanizmlərini güzəştli şərtlərlə dəstəkləməkdir.
Hazırda Biznesin İnkişaf Fondu sahibkarlara güzəştli kredit
mexanizmləri üzrə iki dəstək proqramı ilə dəstək olurlar.
Trend xəbər
verir ki, bu fikirləri “Tekstil Sektorunun İnkişafı və Qlobal
İnteqrasiya” mövzusunda ITMF seminarında çıxışı zamanı Azərbaycan
Biznesin İnkişaf Fondunun rəsmisi Rüstəm Əliyev deyib.
Fond rəsmisi bildirib ki, birinci dəstək mexanizmi fondun
ənənəvi dəstək mexanizmi olan güzəştli kreditlərdir:
“Güzəştli kreditlər illik 5% dərəcəsi ilə sahibkarlara təqdim
olunur. Müddəti 10 ilədək və məbləği isə 10 milyonadək olur.
Mexanizm çərçivəsində güzəşt müddətinin tətbiqi də nəzərdə tutulur.
Güzəşt müddətində sahibkar yalnız məbləğin faiz dərəcəsini ödəyir.
Güzəşt müddətinin kredit müddətinin yarısı qədər tətbiq oluna
bilər. Sahibkara imkan yaradılır ki, nağd pul axını müəssisəyə
daxil olanadək maliyyə çətinliyi ilə qarşılaşmasın”.
R.Əliyev işğaldan azad edilən bölgələrdə fəaliyyət göstərən
sahibkarlara fond tərəfindən edilən dəstək mexanizmindən də
danışıb:
“Fondun digər bir mexanizmi isə zəmanət mexanizmidir ki, yalnız
işğaldan azad edilən ərazilərdəki subyetləri əhatə edir. Bu
mexanizm 2024-cü il fevralın 1-dən sahibkarların istifadəsinə
verilib.
Mexanizmin mahiyyəti ondan ibarətdir ki, sahibkarlıq
subyektlərinin əldə etdiyi kreditə dövlət tərəfindən zəmanət təqdim
olunur və faizlərinin bir hissəsinin subsidiyalaşdırılması nəzərdə
tutulur”.
Fond rəsmisi vurğulayıb ki, kredit şərtləri illik 15%-dək,
müddəti isə 7 ilədək olmalıdır. Sahibkarlara maksimal olaraq 5
milyon manat təqdim olunur.
“Burada dəstək bundan ibarətdir ki, sahibkar dövlət tərəfindən
götürdüyü 15% lik kreditin 10% ni dövlət subsidiyalaşdırır. Bu
zaman sahibkara 5% maliyyə öhtəliyi düşür”,-R.Əliyev əlavə
edib.

