Ombudsman Anım Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat yayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Ombudsmanı 27 Sentyabr – Anım Gününün
beşinci ildönümü ilə əlaqədar Bəyanat yayıb.

Trend xəbər
verir ki, bəyanatda bildirilib:

“2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı
qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini
pozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayış
məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı
dinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi
əməliyyatlara başlamasından beş il ötür.

Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə
əsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalinin
yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında
qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum
əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatların
uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası
təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi
köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri
beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarını kobud
şəkildə pozaraq azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı və
döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda
yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini
və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və
ballistik raket qurğularından atəşə tutmuşdur.

Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o
cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il
tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının
tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri
nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə
yetirilmiş, 450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə,
Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o
cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu
sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə
məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşmüşdür.

Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükə
yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının
alınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü
il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata
keçirilmişdir.




Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində
dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş və
bölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlar
açılmışdır.

Bir müddət əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan və
Ermənistan liderlərinin görüşü zamanı “Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Saziş” paraflanmışdır. Bu
tarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdə
regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində
əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və
müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının
bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması,
işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə
prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin
təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma
torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq
hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca
vacibdir.

Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin,
xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının
beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının təmini,
müharibə cinayətlərini törədənlərin cəzalandırılması, pozulmuş
insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün
bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi
önəm kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin
olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş
məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq
və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə,
regiona və dünyaya sülh arzu edirəm”.

Qeyd edilib ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin
Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan
Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının,
Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa
Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına,
İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin
Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və
Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam
Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları
Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə,
Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif
ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına,
Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor
təşkilatlarına göndərilib.