
Bakı. Trend:
Naxçıvanda yerləşən Mömünə xatun türbəsində aparılan
bərpa-konservasiya işlərinin bir neçə il ərzində həyata keçirilməsi
nəzərdə tutulur. İlk mərhələdə abidənin vəziyyətinin kompleks
şəkildə araşdırılması, uyğun materialların seçilməsi və onun
dayanıqlığının monitorinqi üçün nəzarət sistemlərinin
müəyyənləşdirilməsi planlaşdırılır.
Bu barədə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin
direktoru Erix Pummer Trend-ə eksklüziv müsahibəsində bildirib.
Onun sözlərinə görə, mütəxəssislər artıq zəruri müayinələri
aparıb, türbənin tarixini, eləcə də abidədə mövcud olan
zədələnmələrin xarakterini araşdırıblar.
“Biz artıq zəruri araşdırmaları aparmış, abidənin tarixini və
zədələnmələrini öyrənmişik. Əldə etdiyimiz təcrübə əsasında
türbənin qorunmasına və sabitləşdirilməsinə imkan verəcək bir
sistem təklif edirik”, – deyə Pummer qeyd edib.
O vurğulayıb ki, hazırkı mərhələ bir neçə il davam edəcək
layihənin ilk mərhələsidir.
“İlk mərhələdə hansı sistem və materiallardan istifadə edilməli
olduğunu, həmçinin abidənin statik vəziyyətinə daimi nəzarət üçün
hansı sistemlərin tətbiq oluna biləcəyini müəyyənləşdirmək xüsusilə
vacib idi. Hazırda üzərində çalışdığımız əsas məsələlər bunlardır”,
– şirkətin direktoru deyib.
Qeyd edək ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva Mömünə xatun türbəsində
aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.
Bərpa işləri Naxçıvan Muxtar Respublikasının tarixi-memarlıq
irsinin qorunması istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində aparılır. 2023–2025-ci illərdə yerli və xarici
mütəxəssislər tərəfindən türbənin vəziyyəti ilə bağlı müayinə və
araşdırmalar aparılıb və nəticədə bərpa-konservasiya işlərinin
görülməsinin zəruriliyi təsdiqlənib.
2025-ci ildə dövlət başçısı dünya əhəmiyyətli tarixi-memarlıq
abidəsi olan Mömünə xatun türbəsinin bərpası və konservasiyası ilə
bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Türbə 1186-cı ildə görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvani
tərəfindən inşa edilib və Atabəylər memarlıq kompleksinin bir
hissəsi olub. Kompleksdən dövrümüzə yalnız bu abidə gəlib
çatıb.
Hazırda mütəxəssislər türbənin bərpası və dam örtüyünün yenidən
qurulması üzrə işlər aparır, tikilinin mövcud mailliyini ölçür və
nəzarətdə saxlayır, həmçinin drenaj sistemi yaradırlar.

