
Bakı. Trend:
Yanvarın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin
növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, komitə sədri Zahid Oruc iclasda birinci oxunuşda olan iki
qanun layihəsinin müzakirə ediləcəyini bildirib.
Tədbirdə əvvəlcə, “Uşaq hüquqları haqqında” Azərbaycan
Respublikası qanununun layihəsinə baxılıb. Sənədi təqdim edən
komitə sədri Zahid Oruc uşaqların sağlam, savadlı yetişdirilməsi,
vətənpərvər ruhda böyüməsi, şəxsiyyət kimi formalaşmasının
vacibliyindən söhbət açıb.
Diqqətə çatdırılıb ki, qanun layihəsində Azərbaycan
Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas
prinsipləri, onların hüquq və azadlıqları, həmin hüquq və
azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatları və
dövlət nəzarətinin əsasları müəyyən edilir. Layihədə əsas
anlayışlar, qanunun tətbiq dairəsi göstərilir, uşaqlar barəsində
dövlət siyasətinin məqsədləri təsbit olunur. Sənəddə, habelə
uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin
əsas vəzifələri, uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə
dəstək proqramlarının həyata keçirilməsi, uşaqların mənafelərinin
üstünlüyünün əsas təminatları, onların yaşamaq və inkişaf etmək
hüququ ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, uşağın
fərdiliyinin qorunması, tərbiyə almaq, həyat və sağlamlığının
qorunması, azadlıq və şəxsi toxunulmazlıq, şərəf və ləyaqətinin
müdafiəsi hüququ digər hüquqları müvafiq maddələrdə qeyd
edilir.
Layihədə hərbi münaqişələr dövründə, habelə təbii fəlakətlər,
bədbəxt hadisələr və qəzalar nəticəsində zərər çəkmiş uşaqların
müdafiəsi, uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının
alınması üzrə profilaktik tədbirlər, çətin həyat şəraitində olan
uşaqların aşkarlanması və onların sosial müdafiəsi, əlilliyi olan,
valideyn himayəsindən məhrum olmuş, baxımsız, kimsəsiz və ya sosial
təhlükəli vəziyyətdə olan uşaqların hüquqları yer alıb.
Bildirilib ki, yeni qanun layihəsində uşaq hüquqları üzrə dövlət
təminatları daha geniş formada əks olunur, çətin həyat şəraitində
olan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleks
yanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilir.
Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalq
normalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarının
həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxil edilib.
Sonra iclasda Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində,
“Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə
komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”,
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq
pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman
haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”,
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
(birinci oxunuş) təqdim edilib.
Qeyd olunub ki, sənəddə “Uşaq hüquqları haqqında” qanun
layihəsindən irəli gələn uşaqların hüquq və azadlıqlarının təmin
edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının
formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında
uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Təklif edilən dəyişikliklər uşaqlarla bağlı ədalət mühakiməsinin
həyata keçirilməsi zamanı onların üstün mənafelərinin nəzərə
alınması, fərdi məlumatlarının qorunması, çətin həyat şəraitində
olan uşaqların aşkar edilməsi mexanizmi, uşaqların zorakılıqdan
qorunması ilə bağlı qanunvericilikdə yeni təminatların müəyyən
edilməsinə imkan verəcək.
Məsələlər ətrafında müzakirələrdə komitənin sədr müavini Arzuxan
Əli-zadə, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev,
Mübariz Qurbanlı, Sevil Mikayılova, Hikmət Məmmədov, Vüqar
Rəhimzadə, Tural Gəncəliyev, Elman Nəsirov, parlament Aparatının
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, habelə iclasda
iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova,
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban
Zeynalova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial
təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov çıxış edərək,
layihə ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd və
təkliflərini səsləndiriblər.
Çıxışlarda yeni qanun layihəsinin üstünlükləri, sənəddə təsbit
olunan məsələlərin aktuallığından söhbət açılıb, uşaqların fiziki,
mənəvi, intellektual baxımdan formalaşmasının vacibliyi, rəqəmsal
mühitin uşaqların inkişafına təsiri və digər məsələlər barədə
danışılıb.
Müzakirələrin yekununda təqdim edilən hər iki qanun layihəsi
birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə üzvləri Azər Allahverənov, Mircəlil Qasımlı,
aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak
ediblər.

