
Bakı. Trend:
Cəbrayılda minaya düşən sakinin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuan cavab
olaraq bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş vermiş
partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi)
oktyabrın 8-də saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi
Xəstəxanasına hospitalizasiya olunub.
“Ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik
amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik
amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər
didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin
olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər
göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya
şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, – deyə
məlumatda bildirilib.
16:33
xxx
Oktyabrın 8-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş
Dağmaşanlı kəndi ərazisində sakin minalardan təmizlənməmiş ərazidə
piyada əleyhinə minaya düşüb.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və
Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat
yayıb.
Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan
Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara
otararkən piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma
aparılır.
Qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə,
mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, şübhəli əşyalara
toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və
çəpərlənmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

