ABŞ son aylarda Hörmüz boğazından 1,25 milyard barel neftin daşınmasını təmin edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri son bir neçə ay ərzində tankerlərlə Hörmüz
boğazından 1,25 milyard bareldən çox neftin daşınmasını təmin
edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi
Komandanlığı (CENTCOM) məlumat yayıb.




“Son bir neçə ay ərzində ABŞ qüvvələri Fars körfəzi regionundakı
tərəfdaşlardan 1,25 milyard bareldən çox xam neftin Hörmüz boğazı
vasitəsilə daşınmasını təmin edib. Eyni zamanda, ABŞ tərəfindən
İran limanlarına tətbiq edilən sərt blokada səbəbindən İran heç bir
neft tədarükü həyata keçirə bilməyib”, – deyə komandanlığın
məlumatında bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, bir gün əvvəl Mərkəzi
Komandanlıq virtual müşavirə zamanı dəniz daşımaları sahəsində
fəaliyyət göstərən beynəlxalq tərəfdaşları Hörmüz boğazındakı
vəziyyət barədə məlumatlandırıb. Bildirilir ki, “sənaye
nümayəndələri kommersiya daşımalarının həcminin artması fonunda
gəmiçiliyin azadlığının təmin edilməsinin getdikcə daha böyük
əhəmiyyət daşıdığını vurğulayıblar”.