
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Budapeştə səfəri çərçivəsində Macarıstanın Milli
siyasət üzrə dövlət katibi Lörinc Nacsa ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən müasir diaspor siyasətinə diqqət çəkib, xaricdəki
Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Koordinasiya
Şuraları və bir sıra digər layihələr haqqında müfəssəl məlumat
verib. Bildirilib ki, Macarıstandakı Azərbaycan icması həyata
keçirdiyi layihələrlə ortaq tarixi köklərə malik olan xalqlarımız
arasında ikitərəfli münasibətlərin inkişafına töhfələr verir.
Lörinc Lacsa Azərbaycan nümayəndə heyətini səmimi salamlayıb,
görüşün və təcrübə mübadiləsinin əhəmiyyətini dilə gətirib.
Tərəflər müasir diaspor strategiyası, perspektiv planlar və
əməkdaşlıq platformaları ilə bağlı geniş fikir mübadiləsi
aparıblar.
Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və
səlahiyyətli səfiri Tahir Tağızadə və Budapeştdəki Azərbaycan
Evinin rəhbəri İbrahim Səfərli iştirak edib.

