Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır – nazir

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin oktyabrında Türkmənbaşı şəhərində keçirilən
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə
Azərbaycanın tamhüquqlu iştirakçı kimi iştirakı regional
əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar açır.

Trend-in
müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat
naziri Mikayıl Cabbarov Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci
ildönümü münasibətilə keçirilən təntənəli qəbulda bildirib.

“Bu, cənab Qurbanqulu Berdiməhəmmədovun tarixi təşəbbüsü və
qardaş Mərkəzi Asiya ölkələrinin yekdil dəstəyi sayəsində ölkəmizin
bu formatın tamhüquqlu üzvü kimi iştirak etdiyi ilk Məşvərət
Görüşüdür”, – deyə M. Cabbarov bildirib.

M. Cabbarovun sözlərinə görə, görüş Azərbaycanın region
dövlətləri ilə tərəfdaşlığının daha da möhkəmləndirilməsi, regional
əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran
məsələlərin müzakirəsi üçün mühüm platforma olub.

Nazir həmçinin Azərbaycan və Türkmənistan arasında siyasi
dialoqun əhəmiyyətini qeyd edərək, dövlət başçıları arasında
etimada əsaslanan münasibətlərin, beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı dəstəyin və yüksək səviyyədə müntəzəm
qarşılıqlı səfərlərin rolunu vurğulayıb.

“Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, dostluq və
qardaşlıq əlaqələri birləşdirir”, – deyə o qeyd edib.

M. Cabbarov xatırladıb ki, 2026-cı il iyunun 22-23-də
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət
səfəri zamanı tərəflər iqtisadi əməkdaşlıq da daxil olmaqla,
müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalayıblar. Dövlət
başçıları, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı bərpa və tikinti işləri ilə tanış olublar.

Nazir Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq
Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə
Füzuli şəhərində məscidin inşası məsələsinə də xüsusi toxunub.

“Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin
sədri cənab Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli
şəhərində inşa edilən məscid qardaş xalqlarımız arasında dostluğun
rəmzidir”, – deyə M. Cabbarov vurğulayıb.

Nazir Türkmənistanı milli bayramı münasibətilə təbrik edib və
iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin bundan sonra da
möhkəmlənəcəyinə əminliyini ifadə edib.