FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında
gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış
mərasimi keçirilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mərasimdə fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və
Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın
üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti,
kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin
Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin
abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini
dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra
ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı
təntənəli surətdə meydana gətirilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni
qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik
Kəmaləddin Heydərov kursantları, məzunları və onların
valideynlərini təbrik edib. Nazir təhsilin ölkənin uğurlu
inkişafının, iqtisadi tərəqqisinin və gələcəyinin əsasını təşkil
etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin təhsilinə və onların
layiqli vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirdiyini
bildirib.

K.Heydərov Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və
qayğının əhəmiyyətindən söz açıb, dövlət başçısı tərəfindən həyata
keçirilən məqsədyönlü tədbirlərin yüksək ixtisaslı və peşəkar kadr
potensialının formalaşdırılmasına əvəzsiz töhfələr verdiyini qeyd
edib.




Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil
sahəsində reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini
vurğulayıb, görülən kompleks tədbirlər sayəsində ölkədə təhsilin
dünya standartları səviyyəsinə qalxdığını, bu xoşməramlı missiyanın
millətin işıqlı sabahına xidmət etdiyini bildirib.

Kəmaləddin Heydərov dövlət başçısının diqqət və qayğısı
sayəsində Akademiyanın qısa müddətdə müasir maddi-texniki bazaya,
peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik ali
təhsil müəssisəsinə çevrildiyini qeyd edib, yüksək ixtisaslı kadr
hazırlığı sahəsində görülən işlərdən və aktual məsələlərə dair
həyata keçirilən beynəlxalq layihələrdən danışıb.

Nazir çıxışının sonunda Akademiyaya yeni qəbul olunmuş
kursantlara və təhsilini uğurla başa vuraraq zabit rütbəsi ilə
Nazirlik sistemində xidmətə başlayacaq məzunlara ölkə əhalisinin və
ərazilərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi, maddi və
mədəni sərvətlərin qorunması kimi şərəfli vəzifələrin yerinə
yetirilməsində uğurlar arzulayıb.

Sonra çıxış edən valideyn İntiqam Abdullayev məzun və
kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb,
Akademiyada yaradılmış yüksək səviyyəli şəraitə görə təşəkkür
edib.

Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri
ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara
diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Cavid
Talıbov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə
lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and
içib.

Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs
kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında
şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.