
Bakı. Trend:
Hazırda Laçında 980 ailəni əhatə edən 3669 sakin doğma yurdunda
yaşayır və rayonun yenidən dirçələn həyatının fəal iştirakçısına
çevrilir.
Trend-in
sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Laçın rayonunda
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim
Məmmədov 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma
və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına
müraciətində bildirib.
O qeyd edib ki, 2026-cı il Azərbaycan üçün şəhərsalma və
quruculuq baxımından xüsusi əhəmiyyət daşıyır.
M.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq
sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan
edilməsi Azərbaycanın zəngin memarlıq irsinin qorunması ilə yanaşı,
müasir şəhərsalma yanaşmalarının tətbiqinə, innovativ həllərin
təşviqinə və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına
verilən yüksək önəmin təzahürüdür.
Xüsusi nümayəndə bildirib ki, ölkədə quruculuq prosesinin geniş
miqyas aldığı məkanlardan biri Qarabağ və Şərqi Zəngəzurdur.
O vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad
edilmiş ərazilərdə müasir şəhər və kəndlər salınır, zəruri
infrastruktur yaradılır, tarixi və mədəni irs bərpa olunur, keçmiş
məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
M.Məmmədov qeyd edib ki, doğma torpaqlarda həyatın yenidən
canlanması təkcə şəhər və kəndlərin bərpası deyil, həm də Böyük
Qayıdışın, yeni inkişaf mərhələsinin və gələcəyə inamın
ifadəsidir.
O bildirib ki, bu torpaqlarda görülən hər bir işdə Azərbaycanın
ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin
əziz xatirəsi dərin ehtiramla yad edilir.
“Onların qəhrəmanlığı və fədakarlığı sayəsində Qarabağ və Şərqi
Zəngəzur bu gün yenidən həyatın, inkişafın və tərəqqinin ünvanına
çevrilir”, – deyə xüsusi nümayəndə vurğulayıb.
M.Məmmədov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata
keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm nümunələrindən
biri Laçındır.
Onun sözlərinə görə, qısa müddət ərzində Laçın şəhəri və rayonun
yaşayış məntəqələri yenidən qurulub, müasir infrastruktur
yaradılıb, doğma yurdlarına qayıdan sakinlərlə burada həyat yenidən
canlanıb.
Xüsusi nümayəndə qeyd edib ki, Laçında müasir şəhərsalma
prinsipləri əsasında yeni yaşayış mühiti formalaşdırılır, iqtisadi
fəallıq üçün geniş imkanlar yaradılır, rayonun zəngin təbii, tarixi
və mədəni irsi qorunmaqla davamlı inkişafı təmin olunur.
M.Məmmədov “BakuBuild” və “Rebuild Karabakh” sərgilərinin
görülən işlərin və texnoloji yeniliklərin nümayişi ilə yanaşı, yeni
ideyaların, yaradıcı yanaşmaların və uzunmüddətli tərəfdaşlıqların
formalaşdığı səmərəli əməkdaşlıq platforması olacağına inandığını
bildirib.
O, 31-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 6-cı
Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı –
“Rebuild Karabakh” sərgilərinin keçirilməsi münasibətilə
iştirakçıları salamlayıb, tədbirlərin təşkilatçılarına,
iştirakçılarına və tərəfdaşlarına uğurlar, Azərbaycanın davamlı
inkişafına töhfə verəcək yeni təşəbbüslər arzulayıb.

