Qarabağ və Şərqi Zəngəzur qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevrilir – Nazir

Baş səhifə

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurda istehsal imkanlarının genişlənməsi
regionu Azərbaycanın qeyri-neft-qaz sektorunun yeni inkişaf
mərkəzlərindən birinə çevirir.

Trend-in
sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa,
Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh)
iştirakçılarına müraciətində bildirib.

Nazir qeyd edib ki, “Xəzər İnşaat Həftəsi” çərçivəsində
keçirilən “Rebuild Garabagh” sərgisi işğaldan azad edilmiş
ərazilərin yenidən qurulması istiqamətində görülən işləri və
bölgədə yaradılan investisiya imkanlarını bir araya gətirən mühüm
platformadır.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında
Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyaları əsasında qurulan yaşayış massivləri, yeni nəqliyyat
dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə
strateji baxışını əks etdirir.

M.Cabbarovun sözlərinə görə, ardıcıl və sistemli bərpa-quruculuq
işləri nəticəsində regionda dayanıqlı məskunlaşma və iqtisadi
inkişaf üçün geniş imkanlar formalaşıb.

Nazir vurğulayıb ki, azad edilmiş ərazilərdə sahibkarlığın
təşviqi məqsədilə tətbiq olunan vergi və gömrük azadolmaları,
güzəştli kreditlər, kreditlərə zəmanət və subsidiya alətləri, hazır
infrastrukturla təmin edilmiş sənaye parkları və digər imtiyazlar
bölgədə əlverişli biznes mühiti yaradıb.

O qeyd edib ki, dövlət başçısının imzaladığı fərmanlarla bu
sahədə əlavə dəstək mexanizmləri də yaradılıb. Malların xarici
bazarlara, o cümlədən yeni və alternativ istiqamətlərə daşınması
xərclərinin əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına
qarşılanması, ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin
kompensasiya olunması və digər mexanizmlər azad edilmiş ərazilərdə
fəaliyyət göstərən ixracatçıların daxili və xarici bazarlardakı
mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

M.Cabbarov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda yeni
istehsal müəssisələrinin fəaliyyətə başlaması, o cümlədən Ağdam və
“Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin
sayının artması regionun sənaye potensialının sürətlə reallaşdığını
göstərir.




“Bu layihələr yalnız daxili tələbatın qarşılanmasına deyil, eyni
zamanda rəqabətqabiliyyətli məhsulların ixracına və yeni dəyər
zəncirlərinin formalaşmasına imkan verir”, – deyə nazir qeyd
edib.

O əlavə edib ki, regionun zəngin təbii resursları, əlverişli
coğrafi mövqeyi, enerji potensialı, nəqliyyat-logistika imkanları
və turizm perspektivləri investorlar üçün geniş imkanlar
yaradır.

Nazirin sözlərinə görə, bölgə zəngin geoloji ehtiyatlara
malikdir və bir sıra yataqlarda artıq istismar prosesinə
başlanılıb. Kənd təsərrüfatı, xüsusilə bağçılıq və heyvandarlıq
sahələrində intensiv layihələr həyata keçirilir.

M.Cabbarov vurğulayıb ki, Zəngəzur dəhlizinin fəaliyyətə
başlaması ilə regionun nəqliyyat-logistika imkanları əlavə
əhəmiyyət qazanacaq.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun qədim tarixi,
füsunkar təbiəti, zəngin mədəni abidələri və müalicəvi mineral su
ehtiyatları turizm sahəsində də əlavə investisiya imkanları
yaradır.

Nazir biznes nümayəndələrini bölgənin iqtisadi potensialını
dəyərləndirməyə və yeni layihələr həyata keçirməyə çağırıb.

“Əminik ki, ‘Rebuild Garabagh’ sərgisi regionun iqtisadi
potensialının biznes ictimaiyyətinə təqdim olunmasına, yeni
investisiya təşəbbüslərinin və tərəfdaşlıqların yaranmasına, eləcə
də regionun inkişafının sürətlənməsinə töhfə verəcək”, – deyə
M.Cabbarov bildirib.

O, sərginin təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkür
edib, iştirakçılara və ziyarətçilərə uğurlar, səmərəli görüşlər və
yeni əməkdaşlıq imkanları arzulayıb.