Türkiyə F-35-lərin alınması məsələsində nəticə əldə etməyə ümid edir

Baş səhifə

Bakı. Trend:

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ ilə intensiv təmaslar
aparır.

Bu barədə Türkiyənin müdafiə nazirinin müavini Alpaslan
Kavaklıoğlu “CNN Türk” telekanalının efirində bildirib.

“F-35 məsələsi ikitərəfli gündəliyimizdə yer alır. Müdafiə
nazirimiz Yaşar Gülər bu yaxınlarda müvafiq mesajlar göndərib və
məsələni ikitərəfli formatda müzakirə edib. Əminəm ki, bu məsələdə
nəticə əldə edəcəyik. Xüsusilə ilk altı təyyarə ilə bağlı intensiv
təmaslar aparılır”, – deyə o bildirib.




Söhbət Türkiyə tərəfinin artıq ödənişini etdiyi, lakin ABŞ
ərazisindəki anqarlarda saxlanılan altı F-35 qırıcısından gedir.
ABŞ-nin CAATSA qanunu çərçivəsində tətbiq etdiyi sanksiya
məhdudiyyətləri səbəbindən onların Ankaraya təhvil verilməsi
hələlik mümkün deyil.

“Əlbəttə, bu məsələdə problemlərimiz var. CAATSA kimi uzun
müddətdir həllini gözləyən məsələlər mövcuddur. Bu istiqamətdə
intensiv iş aparılır, qarşılıqlı məsləhətləşmələr keçirilir. Həmin
məsələlər üzrə irəliləyiş də var”, – deyə Kavaklıoğlu bildirib.