
Bakı.Trend:
İran müdafiə qabiliyyətini gücləndirir, hökumət tərəfdarlarını
səfərbər edir və ABŞ-ni, eləcə də onun Fars körfəzindəki
müttəfiqlərini daha genişmiqyaslı və sərt cavab zərbələri ilə
hədələyir. Bununla da Tehran ABŞ Konqresinə aralıq seçkilərdən
sonra mümkün Amerika zərbələrinə hazırlaşır və eyni zamanda bu
zərbələrin qarşısını almağa çalışır.
Bu barədə “Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən
yazıb.
Nəşrin yazdığına görə, İran rəsmiləri həm açıq bəyanatlarında,
həm də region ölkələrinin nümayəndələri ilə qapalı danışıqlarda
xəbərdarlıq edirlər ki, ABŞ-nin yeni zərbələri endiriləcəyi
təqdirdə İslam Respublikası bütün Yaxın Şərq boyunca eskalasiyanı
daha da gücləndirməklə cavab verəcək.
WSJ qeyd edib ki, peyk görüntüləri İranın nüvə kompleksləri və
sərhədyanı ərazilər də daxil olmaqla, strateji əhəmiyyətli
obyektlərin müdafiəsini gücləndirdiyini və onların mümkün hücumlara
qarşı dayanıqlığını artırmağa çalışdığını göstərir. Eyni zamanda,
hakimiyyət əhalini müharibənin yenidən başlamasına hazırlayır:
hərbiləşdirilmiş birləşmələrin nümayəndələrini döyüş əməliyyatları
barədə danışmaq üçün uşaq bağçalarına göndərir, səyyar zenit-raket
komplekslərindən atəş açmaq üzrə təlim kurslarını reklam edir və
kütləvi mitinqlər təşkil edir.
İranın müasir Amerika qırıcılarının, yüksəklikdə uçan
bombardmançıların və qanadlı raketlərin hücumlarını dəf etmək
imkanları son dərəcə məhduddur. Bu, Tehranın yeni hücumların
qarşısını almaq məqsədilə Vaşinqtonu çəkindirmək üçün cavab
tədbirləri ilə hədələməyə üstünlük verməsinə səbəb olur.
Döyüşkən ritorika, həmçinin cəmiyyətin diqqətini iqtisadi
vəziyyətin sürətlə pisləşməsindən yayındırmağa imkan verir. ABŞ
sanksiyaları sərtləşdirir və aviaşirkətlərə təzyiq göstərərək
onların İrana uçuşları dayandırmasına nail olmağa çalışır. Bu isə
ölkənin faktiki blokadasını daha da gücləndirir.

