
Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ, yaşıl və
dayanıqlı regionlara çevrilməsi azad edilmiş ərazilərdə həyata
keçirilən bərpa və quruculuq işlərinin əsas məqsədlərindəndir.
Trend-in
sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev 6-cı Azərbaycan
Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin
(Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.
O qeyd edib ki, “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən
“Rebuild Garabagh” sərgisi ötən illər ərzində ənənəvi xarakter
alaraq işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı
inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin
təqdim olunduğu, yeni təşəbbüslərin müzakirə edildiyi, yerli və
beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirildiyi mühüm
platformaya çevrilib.
V.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri
yeni mərhələyə qədəm qoyur.
O bildirib ki, azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin
salınması, nəqliyyat və kommunal infrastrukturun yaradılması,
iqtisadi fəaliyyətin genişləndirilməsi, məşğulluq imkanlarının
artırılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi
istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilir.
Xüsusi nümayəndə vurğulayıb ki, prosesin məqsədi yalnız
dağıdılmış ərazilərin yenidən qurulması deyil, həm də Qarabağ və
Şərqi Zəngəzurun gələcəyin müasir, innovativ, yaşıl və dayanıqlı
regionlarına çevrilməsidir.
Onun sözlərinə görə, bölgədə formalaşdırılan yeni yaşayış
məkanları, yaradılan istehsal və xidmət imkanları, inkişaf
etdirilən turizm potensialı və həyata keçirilən investisiya
layihələri regionun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün
möhkəm təməl yaradır.
V.Hacıyev qeyd edib ki, “Rebuild Garabagh” sərgisi bu prosesdə
mühüm rol oynayaraq dövlət qurumlarını, investorları, tikinti və
infrastruktur şirkətlərini, texnologiya və innovasiya
nümayəndələrini, eləcə də digər biznes tərəfdaşlarını bir araya
gətirir.
“Sərgi çərçivəsində qurulan yeni əlaqələrin və əməkdaşlıqların
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin miqyasının
və səmərəliliyinin daha da artırılmasına töhfə verəcəyinə
inanıram”, – deyə o bildirib.
Xüsusi nümayəndə builki sərginin də yeni ideyaların, investisiya
təşəbbüslərinin və uzunmüddətli tərəfdaşlıqların yaranmasına,
işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının daha geniş
şəkildə reallaşdırılmasına xidmət edəcəyinə əminliyini ifadə
edib.
V.Hacıyev tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü
bildirib, sərgi iştirakçılarına uğurlar, səmərəli görüşlər və yeni
əməkdaşlıqlar arzulayıb.

