Macarıstan və Sloveniya İtaliyadan qazın daşınması üçün yeni boru kəməri tikəcək

Baş səhifə

Bakı. Trend:

Macarıstan və Sloveniya İtaliyadan qazın nəqli məqsədilə iki
ölkəni birləşdirəcək kəmərin inşası ilə bağlı razılıq əldə
ediblər.

Trend xəbər verir ki, bu
barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə
Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Boyan Kumer ilə
sənədin imzalanmasından sonra təşkil olunan mətbuat konfransında
açıqlama verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 115 kilometr olacaq boru
kəmərinin təxminən 40 kilometri Macarıstan ərazisindən keçəcək və
layihə çərçivəsində kompressor stansiyasının tikintisi də nəzərdə
tutulur.




Siyarto bildirib ki, ilkin mərhələdə kəmərin illik ötürmə gücü
440 milyon kubmetr olacaq, gələcəkdə isə bu göstərici 1,7 milyard
kubmetrə qədər artırıla bilər. Bu isə Macarıstana Sloveniya
üzərindən İtaliyadan mayeləşdirilmiş təbii qaz idxal etməyə imkan
verəcək.

Nazir vurğulayıb ki, bu layihə ölkənin enerji mənbələrini
şaxələndirmək strategiyasına uyğundur, lakin mövcud təchizat
mənbələri və marşrutlardan imtina anlamına gəlmir. O, həmçinin
layihənin həyata keçirilməsi üçün Avropa İttifaqından maliyyə
dəstəyi gözlədiklərini qeyd edib və əlavə edib ki, bununla
Macarıstan bütün qonşu ölkələrlə qaz kəmərləri vasitəsilə
əlaqələndirilmiş olacaq.