Bakı. Trend:
Litva, Polşa və Latviya bazar ertəsi axşam hava məkanında
gücləndirilmiş nəzarət rejimi tətbiq edib. Vilnüsdə pilotlar üçün
yayımlanan NOTAM bildirişində “naməlum obyektlərin uçuşları ilə
əlaqədar” hava limanı ərazisində uçuşların qadağan edildiyi
bildirilib. Flightradar24-ün məlumatına görə, Litvanın paytaxtına
uçan təyyarələrin istiqaməti dəyişdirilib.
Vilnüs hava limanı öz saytında yerləşdirdiyi rəsmi xəbərdarlıqda
yerli vaxtla bazar ertəsi saat 23:45-dən çərşənbə axşamı saat
02:45-dək məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Hava
limanına enişlər dayandırılıb, uçuşlara isə icazə verilib. Hava
limanının məlumatına görə, buna səbəb “Belarusun Litvaya, mülki
aviasiyaya və cəmiyyətə qarşı həyata keçirdiyi hibrid hücum”
olub.
Polşada ordu qabaqlayıcı tədbir olaraq hərbi təyyarələri havaya
qaldırıb. Saat 21:40 radələrində Polşa Silahlı Qüvvələrinin
Operativ Komandanlığı X sosial şəbəkəsində Ukraynaya endirilən
Rusiya zərbələri ilə əlaqədar hərbi aviasiyanın əməliyyatlara
başladığını açıqlayıb. Hava hücumundan müdafiə sistemləri və
radarlar “hazırlıq vəziyyətinə” gətirilib.
Ordu bildirib ki, “bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və
hava məkanının təhlükəsizliyinin təmin edilməsinə, xüsusilə də
təhlükə altında olan ərazilərə bitişik bölgələrin qorunmasına
yönəlib”.
Əməliyyatlar saat 23:00-dan sonra “Polşa Respublikasının hava
məkanının heç bir pozuntusunun qeydə alınmaması” ilə əlaqədar başa
çatıb.
Latviya ordusu isə Belarus sərhədində yerləşən Kraslava
bölgəsində potensial hava təhlükəsi qeydə alındığını bildirib.
Bundan sonra NATO-nun Baltic Air Policing missiyasında iştirak edən
qırıcılar havaya qaldırılıb.

