İsveçdə atmosferə atılan emissiyaların həcmi artdı

Baş səhifə

Bakı. Trend:

İsveçin iqlim və ətraf mühit naziri Romina Purmoxtari ölkənin
iqlim siyasətinin mənfi istiqamətdə inkişaf etdiyini deyib.

Trend xəbər verir ki, “Ekot”
radiosuna müsahibəsində nazirin bildirdiyinə görə, atmosferə atılan
emissiyaların azaldılması tempi milli və beynəlxalq məqsədlərə nail
olmaq üçün çox aşağıdır, 2024-cü ildə isə emissiyaların həcmi hətta
7 faiz artıb.

Nazirin sözlərinə görə, bunun səbəblərindən biri 2022-ci ildə
elektrik enerjisi və yanacaq qiymətlərinin yüksək olması fonunda
seçicilərin təkidi ilə bioloji yanacağın payına dair tələblərin
qismən azaldılması olub.




R.Purmoxtari çıxış yolu kimi siyasi tədbirlərin
gücləndirilməsini, ilk növbədə nəqliyyatın elektrikləşdirilməsinin
sürətləndirilməsini, enerjidoldurma stansiyaları şəbəkəsinin
inkişaf etdirilməsini, iqlim subsidiyalarının genişləndirilməsini
və dəmir yolu infrastrukturuna investisiyaların artırılmasını
göstərir.

“Biz demokratiya şəraitində yaşayırıq. Seçki kampaniyaları
zamanı bəzi məsələlər ön plana çıxır. Hər kəs 2022-ci ili
xatırlayır, o zaman əsas diqqət elektrik enerjisi və yanacağın
yüksək qiymətlərinə yönəlmişdi. Gələcəkdə belə yanaşmadan qaçmaq,
iqlim probleminin həllində yalnız bir üsula üstünlük verməmək,
əksinə, geniş tədbirlər kompleksindən istifadə etmək lazımdır”, –
deyə o bildirib.