
Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli” və Şanlı Zəfərimizin 5 illiyi
çərçivəsində Koreya Respublikasının İnçeon şəhərində İnha
Universiteti və Bakı Mühəndislik Universiteti arasında həyata
keçirilən İkili Diplom Proqramı əsasında təhsil alan azərbaycanlı
tələbələrlə görüş olub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan
görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi Nərmin
Dadayeva və Azərbaycan Respublikasının Koreya Respublikasındakı
Səfirliyinin əməkdaşı Vüsalə Zeynallı da iştirak edib.
Tələbələrə komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun
fəaliyyət istiqamətləri, həyata keçirilən irihəcmli layihələr
haqqında ətraflı məlumat verilib. Eyni zamanda, icma və tələbələrin
fəaliyyətinin daha da genişlənməsi məqsədilə diaspor xarakteri
daşıyan təkilf və ideyalar müzakirə olunub, mövcud problemlər və
gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin
onların bu sahə ilə bağlı sualları cavablandırılıb. Azərbaycan
diasporunun dünyada gördüyü işlər, diaspor təşkilatlarının
fəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.
Müzakirələrdə fəal iştirak edən tələbələr müxtəlif istiqamətlər
üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər.
Belə görüşlərin Cənubi Koreyada yaşayan azərbaycanlı gənclərin
birliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatına
inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edək ki, tədbirin təşkilində İkili Diplom Proqramının
Azərbaycan tərəfindən proqram direktoru Humay Cəfərlinin, eyni
zamanda, Cənubi Koreyadakı Azərbaycan icmasının fəal üzvləri Leyla
Məsimli və Əzizə Hüseynzadənin də xüsusi rolu olub.

