
Bakı. Trend:
8–11 oktyabr tarixlərində III Beynəlxalq Xankəndi Ultramarafonu
keçiriləcək.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat
xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan
Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin
birgə təşkilatçılığı ilə keçiriləcək ultramarafona Qəbələ
şəhərindən start veriləcək.
İştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə
çatacaqlar. Yarışda 5 ölkədən 100 atletin iştirakı gözlənilir.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam
həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın
müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192
kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki
hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.
Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55
km), Ağdaş–Bərdə (65 km), Bərdə–Ağdam (44 km) və Ağdam–Xankəndi (28
km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək,
ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq
görüləcəklər.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə
Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə
edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə
ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı
ölkədən 81 atlet qatılıb.
2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu
yenidən Qəbələ–Xankəndi marşrutu üzrə keçiriləcək.

