
Bakı. Trend:
Sentyabrın 23-dən “Bakı Metropoliteni”nin “Xocəsən” və
“Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq pulsuz olub.
Xətlərin ayrılması layihəsi çərçivəsində tətbiq edilən bu qərar
Abşeron və Qaradağ istiqamətlərindən gələn sərnişinlərin
“Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan
istifadəsini asanlaşdırmaq, vaxt və yol xərclərini azaltmaq məqsədi
daşıyır.
Bununla yanaşı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
“Avtovağzal” metrostansiyasının qarşısından Bakı–Sumqayıt yoluna
birbaşa çıxış üçün yeni avtobus zolağı təşkil edib. Nəticədə
avtobusların əvvəllər qət etdiyi əlavə 1,1 kilometrlik yol təxminən
100 metrə enib. Sərnişinlərin metroya pulsuz giriş imkanından
yararlanması üçün Sumqayıt, Xırdalan və ətraf qəsəbələrdən gələn
əlavə 16 avtobus marşrutu da stansiya yaxınlığındakı dayanacağa
yönləndirilib.
Bəs metroya ödənişsiz girişdən sonra “Şamaxinka” və “20
Yanvar” ərazilərində tıxaclar azalıbmı? Bu addım metroda və
avtobuslarda sərnişin sıxlığına necə təsir edib? İctimai
nəqliyyatın yükünün bölüşdürülməsində hansı dəyişikliklər müşahidə
olunur?
“Bakı Metropoliteni” QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
hazırda ödənişsiz girişin tətbiqindən sonra sərnişin axınlarında
baş verən dəyişikliklər, o cümlədən digər metro stansiyalarına və
yerüstü nəqliyyata mümkün təsirlər izlənilir.
Qeyd olunub ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz
xidmət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay
sonuna qədər ümumilikdə 120 336 sərnişin istifadə edib.
“İlkin mərhələdə “Xocəsən” və “Avtovağzal” stansiyalarında
sərnişin girişlərinin dinamikası ilə yanaşı, digər metro
stansiyalarında və alternativ yerüstü nəqliyyat marşrutlarında
sərnişin sayındakı dəyişikliklər də müqayisə edilir.
Lakin hazırda müşahidə dövrü nisbətən qısa olduğundan, ödənişsiz
girişin digər stansiyalarda və ya yerüstü nəqliyyatda sıxlığın
nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olduğunu söyləmək üçün
kifayət qədər əsas yoxdur. Qiymətləndirmə zamanı əvvəlki dövrlərin
göstəriciləri, həftənin eyni günləri və sərnişin axınına təsir edə
biləcək digər amillər də nəzərə alınır. Müşahidələr davam
etdirilir. Daha uzunmüddətli məlumatlar toplandıqdan sonra
ödənişsiz girişin sərnişin axınlarının bölüşdürülməsinə və
nəqliyyat yüklənməsinə təsiri barədə daha dəqiq nəticə əldə etmək
mümkün olacaq”, – deyə qurumdan bildirilib.
Nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki,
“Avtovağzal” və “Xocəsən” stansiyalarına girişin pulsuz olması
“Şamaxinka”dakı tıxac probleminin həlli ilə birbaşa bağlı deyil.
Onun sözlərinə görə, bu addım metro xətlərinin ayrılması ilə
əlaqədar yaranmış vəziyyəti yumşaltmağa yönəlib və müəyyən təsir
göstərib.
Ekspertin fikrincə, “Şamaxinka”dakı problemin həlli
Bakı–Sumqayıt yolunun həmin ərazidə köklü şəkildə yenidən
qurulmasını və kompleks yanaşma tələb edir.
“Tıxac problemini həll etmək üçün Bakı–Sumqayıt yolu tamamilə
başqa formada yenidən qurulmalıdır. Digər həll yollarının səmərəli
olacağını düşünmürəm. Müvəqqəti həll yolları heç vaxt nəticə
verməyib və verməyəcək”, – deyə E.Muradlı bildirib.
O əlavə edib ki, problemin kökündən həlli üçün daimi tədbirlər
üzərində işləmək lazımdır. Ekspertin sözlərinə görə, həmin əraziyə
kompleks yanaşma tələb olunur və dövlət proqramında nəzərdə tutulan
həll yollarına uyğun hərəkət edilməlidir. E.Muradlı bunun qısa
müddətdə həll edilə biləcək məsələ olmadığını vurğulayıb.

