Hazırda Qarabağ və Şərqi Zəngəzurda 20-dən çox yaşayış məntəqəsində tikinti və yenidənqurma işləri aparılır

Baş səhifə

Bakı. Trend:

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” 2022-ci ildə
təsdiqləndikdən sonra proqram üzrə sistemli, planlı və sürətli
bərpa və quruculuq işlərinə başlanıldı. Geridə qalan dövr ərzində
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə işğaldan
azad olunan ərazilərin Ümumi planı (13600 hektar sahədə)
hazırlanıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan “Zəfər yolu ilə
Böyük Qayıdış” adlı fotosərgi zamanı Komitənin İşğaldan azad
olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri
Ramil Cahangirov məlumat verib.

O bildirib ki, Ümumi plan Nazirlər Kabineti tərəfindən
təsdiqləndikdən sonra növbəti mərhələdə 8 şəhərin Baş planı təsdiq
edildi və 4 şəhərin layihə sənədləri ilə bağlı işlər yekun
mərhələdədir:




“Eyni zamanda 90-dan çox kənd və qəsəbənin layihə sənədləri
təsdiq edilib, daha 20 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri
başa çatmaqdadır. Görülən işlər nəticəsində bu günədək 10 rayonun
30 yaşayış məntəqəsinə (6 şəhər, 2 qəsəbə və 22 kənd) keçmiş
məcburi köçkünlərin qayıdışı baş tutub. Ümumilikdə o torpaqlarda 60
minə yaxın şəxs yaşayır, işləyir və təhsil alır. Bundan əlavə
hazırda 20-dən çox yaşayış məntəqəsində tikinti və yenidənqurma
işləri həyata keçirilir və yaxın dövr ərzində yeni köç prosesləri
baş tutacaq. Beləliklə, “Böyük Qayıdış” prosesi getdikcə daha
intensiv xarakter alır. Çünki biz ilkin mərhələdə daha çox
planlaşdırma işi ilə məşğul idiksə, artıq real nəticələr göz
önündədir. Bugünkü sərgidə də biz elə həmin nəticələrin bir növ
hesabatını təqdim edirik.

Bu gün işğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturla
yanaşı, yol-nəqliyyat şəbəkəsi də qurulur, 3300 km-dən artıq yollar
layihələndirilir və tikilir, dəmir yolları, beynəlxalq hava
limanları inşa edilir. Bu il Laçında Beynəlxalq Hava Limanı açıldı,
Ağdamda dəmir yolu və avtovağzal kompleksi tikildi. Bütün bu
layihələr Qarabağ və Şərqi Zəngəzuru daha dayanıqlı və əlçatan bir
regiona çevirir. Bu da şəhərsalma və ərazi planlaşdırılması
aspektindən çox önəmli bir məsələdir”,- deyə R.Cahangirov
bildirib.