
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2025-ci il tarixində
xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 1-də
əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 24 noyabrda isə
iddiaçıların danışıq bacarıqları yoxlanılıb.
Trend xəbər
verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və
yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.
İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar
(Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə
göndərməklə də öyrənə bilərlər.
189 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə
Azərbaycan dili üzrə imtahanda iştirak edib.
59 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən
edilmiş şərtləri ödəyib.
Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də
əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə
fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına
düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün
cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10
ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək
maksimal bal 50-yə bərabərdir.
Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə
(leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər
biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil
üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və
əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından
azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi
ödəmiş hesab edilirlər.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət
etmək istəyənlər 2025-ci il 9 dekabr saat 10:00-dan 10 dekabr saat
17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron
ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən
müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün
müraciət edə bilməyəcəklər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 12 dekabr 2025‑ci il tarixindən etibarən telefon əlaqəsi
vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.

