
Bakı. Trend:
UNEC-də Britaniya Şurası (British Council) ilə əməkdaşlıq
çərçivəsində yaradılan Aptis Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin fəaliyyəti universitetdə ingilis dili bacarıqlarının
beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və beynəlxalq
sertifikatlaşdırma imkanlarının genişləndirilməsinə xidmət
edəcək.
Aptis Mərkəzi tələbələrlə yanaşı, fərdi namizədlərin də
beynəlxalq səviyyədə tanınan ingilis dili qiymətləndirilməsinə
çıxışını genişləndirəcək.
Mərkəzin rəsmi açılışında UNEC-in rektoru professor Ədalət
Muradov, Britaniya Şurasının Baş direktorunun müavini Kate
Evart-Biggs, Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, İmtahan
departamentinin direktoru Nərgiz Əkbərova və UNEC Xarici Dillər
departamentinin əməkdaşları iştirak ediblər.
Tədbirdə UNEC ilə British Council arasında əməkdaşlığın
inkişafı, xarici dil tədrisinin keyfiyyətinin artırılması və dil
bacarıqlarının beynəlxalq meyarlar əsasında qiymətləndirilməsi
məsələləri müzakirə olunub. UNEC Xarici Dillər departamentinin
direktoru dosent Aysel Xəlilova universitetdə bu istiqamətdə
görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2025/2026-cı
tədris ilində XDİAK-4 fənni üzrə Aptis imtahanında 3013 tələbə
iştirak edib və onların 97,5 faizi uğurlu nəticə göstərib.
Görüşün sonunda UNEC ilə British Council arasında gələcək
əməkdaşlıq istiqamətləri müzakirə olunub.

