
Bakı.Trend:
Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül”
elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və
obyekt qismən istismara verilib.
Trend-in mediaturda iştirak edən müxbiri xəbər verir ki, AZCON
Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək
fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji
əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025–2030-cu illər
üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun
tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə
2025-ci ilin aprel ayından başlanılıb.
Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib
hissəsi sayılan “Dərnəgül” elektrik deposu bundan sonra Yaşıl xəttə
müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir-baxış və
qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün
müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan
“Nərimanov” elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan
yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət
keyfiyyətinin artırılmasına və hərəkət intervallarının
azaldılmasına zəruri təkan verəcək.
II mərhələ üzrə reallaşdırılan əsas göstəricilər:
* Ərazi və binalar: 16,5 hektar ərazini əhatə edən depoda 16
xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub.
Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd
işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və
texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və
MEP işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.
•Yol və tunel infrastrukturu: Yaşıl xətti depo ilə birləşdirən
2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları “Bakı
Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar
üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700
ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdirici
quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.
•Təmir-baxış sahələri: Qatarların gecələməsi, baxışı və təmiri
üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan
dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü,
fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-nin
inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri
sahəsinə aiddir.
•Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: 2 qazanxanada,
eləcə də kompressor binasında əsas tikinti və montaj işləri
yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj,
kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000
m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi
3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.
•Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin
təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri,
işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli
dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada
dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər
mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş
idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri,
yanğın və vidomüşahidə sahələri də yerləşəcək.
Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir.
Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin
inşası tamamlanıb.
Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi ümumilikdə
3 mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması Yaşıl və
Qırmızı xətlərin ayrılmasına şərait yaradır. Belə ki, deponun
istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi üzrə
tikinti müddətində “Dərnəgül–Nizami” sahəsində hərəkət edən
qatarların təmir-baxış və qulluğu burada həyata keçiriləcək.
Depoda III mərhələ üzrə işlər davam etdiriləcək, inşaat
prosesinin və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa
çatdırılması planlaşdırılır.

