
Bakı. Trend:
İşğaldan azad edilmiş Ağdam şəhərinin 1 nömrəli tam orta
məktəbində AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatına həsr
olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdam şəhər 1 nömrəli tam orta məktəbin
direktoru Günel Vəliyeva rəqəmsal dövrdə uşaqların intellektual
inkişafı üçün doğru informasiya mənbələrinin əhəmiyyətindən
danışıb. O, AZƏRTAC-ın Uşaq Bilik Portalının şagirdlərin
dünyagörüşünün formalaşmasına, onların bilik və bacarıqlarının
inkişafına mühüm töhfə verdiyini diqqətə çatdıraraq, məktəblilər
üçün belə maarifləndirici layihələrin keçirilməsinin əhəmiyyətini
vurğulayıb.
AZƏRTAC-ın Uşaq Bilik Portalının bölmə müdiri İradə İsayeva
portalın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki,
Uşaq Bilik Portalı 2013-cü ildə AZƏRTAC tərəfindən yaradılmış
internet resursudur. “İnformasiya texnologiyalarının sürətlə
inkişaf etdiyi, internet və sosial şəbəkələrin həyatımızın ayrılmaz
hissəsinə çevrildiyi bir zamanda yaşayırıq. Valideynləri düşündürən
əsas məsələlərdən biri uşaqların internetdə keçirdiyi vaxtın
faydalı, təhlükəsiz və keyfiyyətli məzmunla zəngin olmasıdır. Məhz
buna görə çalışırıq ki, hər bir azyaşlı AZƏRTAC-ın Uşaq Bilik
Portalında özü üçün maraqlı, faydalı və əyləncəli məlumatlar
tapsın. Burada yerləşdirilən materiallar uşaqların təhsilinə,
maariflənməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət
edir”, – deyə İradə İsayeva əlavə edib.
Portalda cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar,
tapmacalar və digər maraqlı materialların yer aldığını diqqətə
çatdıran bölmə müdiri deyib: “Uşaqların yaradıcılığını əks etdirən
xüsusi rubrikada isə onların çəkdikləri rəsmlər, yazdıqları şeirlər
və müxtəlif bacarıqları haqqında materiallar yayımlanır. Portalda
Azərbaycanın dövlət atributları, işğaldan azad edilmiş rayon və
şəhərlər, milli musiqi, kino, incəsənət və digər sahələr barədə
geniş məlumatlar təqdim olunur. Azərbaycan və rus dillərində
fəaliyyət göstərən Uşaq Bilik Portalını “Instagram” və “Facebook”
sosial şəbəkələrində də izləmək mümkündür”.
Daha sonra AZƏRTAC-ın Uşaq Bilik Portalı haqqında videoçarx
izlənilib. Şagirdlərə portalın bölmələri, uşaqlar üçün hazırlanan
interaktiv xəbərlər və virtual ensiklopedik materiallar barədə
ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri müxtəlif musiqi
nömrələri ilə çıxış ediblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri ilə söhbət edən
məktəblilər – Dəniz Məmmədli, Əli İsmayıllı və Aysu Hüseynli Uşaq
Bilik Portalının onlar üçün olduqca faydalı və zəngin mənbə
olduğunu bildiriblər. Şagirdlər portalda yer alan ədəbiyyat, təbiət
və digər maraqlı mövzularda geniş məlumatların, xüsusilə bədii
əsərlərin rəngarəng, şəkilli tərtibatının onların diqqətini cəlb
etdiyini vurğulayıblar. Portalda sevilən xalq nağıllarını maraqla
oxuduqlarını söyləyən məktəblilər bu resursu həmyaşıdlarına da
tövsiyə ediblər.
Sonda məktəb kollektivinə və şagirdlərə AZƏRTAC-ın xatirə
hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının
təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən
qoyulub. Ötən il iyulun 18-də isə dövlətimizin başçısının iştirakı
ilə açılış mərasimi keçirilib.
Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın
icrası çərçivəsində inşa edilib.

