Ermənistanın əsirliyində və girovluğunda olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh
və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik
Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David
Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət
işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 27-də
davam etdirilib.

Trend xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün
vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və
nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin
hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs – “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin 1
saylı yol-nəqliyyat idarəsinin sürücüsü Seyidov Nadir Bədir oğlu
ifadəsində göstərib ki, idarə etdiyi ekskavator 2021-ci il noyabrın
19-da Zəngilan rayonu ərazisində düşmənin basdırdığı minaya düşüb.
Partlayış nəticəsində o və yanında olan Renad Ağababayev xəsarət
alıblar.

Zərərçəkmiş şəxs Zeynalov Bəykişi Musa oğlunun elan olunan
ifadəsinə əsasən, 2020-ci il sentyabrın 27-də Ağdamın Qaradağlı
kəndində yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı
mərminin düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb, evi
əşyalarla birlikdə yararsız hala düşüb.

Elan edilən ifadələrə əsasən, zərərçəkmiş Həsənov Mehman Fikrət
oğlu 2023-cü il sentyabrın 19-da Ağdam rayonunun Mollalar kəndi
ərazisində düşmənin atdığı mərminin, zərərçəkmiş şəxs Quliyev
Hüseyn Mahir oğlu eyni tarixdə Ağdərə rayonunun Canyataq kəndi
ərazisinə atılan mərminin partlaması, Həsənli İmran Elman oğlu isə
həmin il sentyabrın 20-də Ağdərə rayonu istiqamətinə açılmış
atəşlər nəticəsində bədən xəsarətləri alıblar.

Elan olunan digər ifadələrə görə, zərərçəkmiş şəxs Fərzəliyev
Samir Vaqif oğlunun hüquqi varisi Fərzəliyeva Siyafər Əli qızı
övladının 2020-ci il sentyabrın 27-də, zərərçəkmiş şəxs İsmayılov
Mirrəhim Mirmehdi oğlunun hüquqi varisi İsmayılov Mirmehdi İsmayıl
oğlu isə övladının həmin il oktyabrın 2-də Tərtər rayonunun
Suqovuşan kəndi istiqamətində həlak olduqlarını bildiriblər.

Zərərçəkmiş Tevon Tağıyevin ifadəsində qeyd edilib ki,
Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 16-da yaşadığı
Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu zamanı onu, digər kənd
sakinlərini və hərbçiləri girov və əsir götürüblər. Ermənistan
hərbçiləri onları Xankəndi istiqamətində aparıblar. O, Kamonu,
Samveli və Abonu tanıyıb. Ermənistan hərbçiləri yolda Şahmurad
Hüseynovu, Həbib Hüseynovu və Zahid Xəlilovu öldürüblər. Xankəndidə
saxlanıldıqdan sonra Vartan Balayan onunla birlikdə 12 nəfəri
Xocavəndə gətirib. Onlar dəyişdirilən günədək Xocavənddə
saxlanılıblar. Xocavənddə olduqları müddətdə Ermənistan hərbçiləri
onlara işgəncələr veriblər. Oğlu Telman Tağıyev Qaradağlı kəndində
Ermənistan hərbçiləri tərəfindən öldürülüb, meyitini götürə
bilməyib.

İlyasov Babək Həsən oğlunun ifadəsində vurğulanıb ki, o, 1993-cü
il martın 31-də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə
Ermənistan ordusunun hərbçiləri tərəfindən girov götürülərək,
Xankəndi Şəhər Uşaq Xəstəxanasında saxlanılıb. Sonra həmin il
iyunun 13-də girovluqdan azad olunub. Girov götürülərkən sağ
gözündən yaralansa da, ona heç bir tibbi yardım göstərilməyib.
Nəticədə bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həmin vaxt
babası Aslan Mirzəyev və anası Afət Mirzəyeva vəhşicəsinə qətlə
yetiriliblər.

Zərərçəkmiş Bayramov Faik Səlim oğlu ifadəsində göstərib ki,
1993-cü il iyunun 16-da Ağdam rayonunun Yetim Cinli kəndinin
yaxınlığında yerləşən gölün kənarında Ermənistan hərbçiləri
tərəfindən 12 nəfərlə birlikdə əsir götürülüb. Bir həftə Ağdam
rayonunda, sonra Şuşa şəhərində yerləşən həbsxanada saxlanılıblar
və ağır işgəncələrə məruz qalıblar. Ermənistan hərbçiləri
yumruq-təpik, taxta parçaları ilə onu möhkəm döyməklə burnunu və
dişlərini sındırıb, ac-susuz saxlayıblar.

İfadəsi elan olunan İsmayılov Asif Sakit oğlu qeyd edib ki,
1994-cü il aprelin 19-da Ağdamın İlxıçılar kəndi istiqamətində əsir
götürülüb. Ermənistan hərbçiləri onu yaralı vəziyyətdə tankın
üzərinə qoyub tanımadığı istiqamətdə aparıblar. Tankın üzəri onun
bədənindən axan qana bulaşdığı üçün onu döyüb, işgəncə veriblər.
Bundan başqa, Ermənistan hərbçiləri silahın qundağı ilə vuraraq
onun burnunu qırıblar. Onu və digər əsirləri Şuşa həbsxanasına
aparıb 1994-cü ilin sonlarından 1995-ci ilin əvvəllərinədək soyuq,
qaranlıq kameralarda saxlayıblar. Orada erməni nəzarətçilər onu və
digər əsirləri vəhşicəsinə döyüb, işgəncələr veriblər. Həmin
nəzarətçilərdən Arturun, Manvelin, Samvelin, Vanyanın və Jirikin
adlarını xatırlayır.

Zərərçəkmiş Əliyev Şövqi Xəqani oğlu ifadəsində bildirib ki,
Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Ağdam rayonuna hücumu
zamanı qardaşı Nicat Əliyev və ana babası Oktay Əliyev öldürülüb,
özü, atası Xəqani Əliyev, anası Könül Əliyeva və nənəsi Zənifə
Əliyeva yaralı vəziyyətdə girov götürülüblər. Girov götürüldükdən
sonra Xankəndi Şəhər Uşaq Xəstəxanasında erməni həkimlər tərəfindən
müalicə olunmaq əvəzinə, bazu sümüyü əzələ qatı ilə birlikdə
transplantasiya məqsədilə çıxarılıb, nəticədə ömürlük şikəst
olub.

Hacıyev Elman Qəhrəman oğlu ifadəsində diqqətə çatdırıb ki,
1993-cü il sentyabrın 25-də Murov dağı yaxınlığında Ermənistan
silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb,
vəhşicəsinə döyülüb. Sonra yük avtomobili ilə Kəlbəcərin Yanşaq
kəndinə aparılıb, həmin kənddə yerləşən hərbi hissədə sorğu-sual
olunub. Suallara verdiyi cavabları qəbul etmədikləri üçün onu
huşunu itirənədək döyüblər. Həmin hərbi hissədə bir müddət
qaldıqdan sonra Ağdərə rayonuna aparılıb və Yaşa adlı erməninin
evinin zirzəmisinə salınıb. Həmin yerdə də saxlanıldığı müddətdə
ağır işgəncələrə məruz qalıb. 1994-cü ilin təxminən aprel ayında
bir neçə azərbaycanlı əsirlə birlikdə onu Şuşa həbsxanasına
aparıblar. Orada da mütəmadi olaraq vəhşicəsinə döyülüb. 1994-cü
ilin təxminən iyul ayında onu adlarını xatırlamadığı bir neçə
azərbaycanlı əsirlə birlikdə Xankəndi şəhərinə gətiriblər. O,
1994-cü ilin təxminən oktyabr ayınadək orada qalıb. Sonra Xocavənd
rayonunun Ağbulaq kəndinə aparılıb və 1995-ci ilin təxminən dekabr
ayınadək həmin kənddə tanımadığı erməninin yaşadığı evdə əl-qolları
bağlı saxlanılıb. 1995-ci ilin sonlarında Şuşa həbsxanasına,
1996-cı ilin mart ayının ortalarında Xankəndi şəhərində yerləşən
xüsusi rejimli təcridxanaya aparılıb. Bu müddətdə Ağbulaq kəndində
adlarını xatırlamadığı azərbaycanlı əsirlərlə Samvel Babayan və
onun qardaşı Karo Babayan üçün ev tikintisində fəhlə işlərinə cəlb
olunub. Orada olduğu müddətdə Lyova, Lyoşa kimi çağırılan Lüdvik,
Mayıs, Andrey, Karen, Vova və Qarik adlı şəxslər mütəmadi olaraq
onu vəhşicəsinə döyüblər.

Kərimov Təbriz Əjdər oğlu, Səfərli Vüsal Mirzəli oğlu və
digərləri isə ifadələrində 2020-ci ilin iyulunda baş verən,
Azərbaycanın Milli qəhrəmanları – general-mayor Polad Həşimov və
polkovnik İlqar Mirzəyevin də həlak olduqları Tovuz döyüşlərində
xəsarət aldıqlarını bildiriblər.

Sonra məhkəmədə müdafiə tərəfinin təqdim etdiyi sübutlar tədqiq
olunub.

Belə ki, tədqiq olunan sənədlərdən bir neçəsini təqsirləndirilən
Arayik Harutyunyanın hüquqlarını müdafiə edən vəkillər – Cavid
Rzazadə və Anar Məmmədov təqdim etmişdi. Sənədlər Arayik
Harutyunyanın doğum haqqında şəhadətnaməsinin, Ermənistan
Respublikası pasportunun surətləri, həmçinin təhsil almasına dair
arayış idi.

Bundan başqa, A.Harutyunyanın müdafiəçilərinin vəsatəti əsasında
cinayət işi materiallarında olan istintaq eksperimentinin protokolu
və AZƏRTAC-ın rəsmi saytında dərc olunmuş məqalə elan edilib.

Arayışda göstərilir ki, Arayik Harutyunyan 1990-cı ildə İrəvan
Xalq Təsərrüfatı, indiki Ermənistan Dövlət İqtisadiyyat
Universitetinin Planlı iqtisadiyyat fakültəsinin gündüz şöbəsinə
qəbul olub. 1993-cü ildə Xankəndidə yerləşən “Universitetə”
köçürülməsi ilə əlaqədar həmin institutdan azad edilib.

Məhkəmədə tədqiq olunan, Arayik Harutyunyanın pasportunun surəti
ilə bağlı təqsirləndirilən şəxs öz müdafiəçisinin sualını
cavablandırarkən deyib ki, qondarma rejimin “ərazisi”ndə
yaşayanlara Ermənistan pasportları “070” kodu ilə verilirdi. Bu
pasportların Ermənistan Respublikasının vətəndaşlarına verilən
pasportlardan fərqi onda idi ki, qeyd olunan pasport koduna malik
şəxslər Ermənistanda keçirilən seçkilərdə iştirak edə, o cümlədən
səs verə bilməzdilər. Buna baxmayaraq, pasport kodu “070” olan hər
kəsin Ermənistan vətəndaşı kimi xarici ölkələrdə turizm, təhsil,
səhiyyə və digər məqsədlərlə səyahət etmək hüququ var idi.

Dövlət ittihamçısı Vüsal Abdullayevin təqsirləndirilən şəxsin
doğum haqqında şəhadətnaməsində anadan olduğu yerin Azərbaycan
SSR-in Xankəndi şəhəri, pasportunda isə Ermənistan SSR qeyd
olunması ilə bağlı “Bu, Ermənistanın Qarabağı öz ərazisi kimi
sayması demək deyilmi” sualına təqsirləndirilən şəxs cavab
verməkdən yayınaraq deyib ki, bu məsələni heç vaxt Ermənistanın
aidiyyəti orqanları ilə müzakirə etməyib, həmçinin bu məsələ heç
vaxt müzakirə mövzusu olmayıb.

Dövlət ittihamçısı təqsirləndirilən Arayik Harutyunyanın sıravi
şəxs olmadığını xatırladaraq, suala mahiyyəti üzrə konkret cavab
vermədiyini bildirib və əlavə edib: “Cavab vermək istəmirsinizsə,
bu, sizin hüququnuzdur”.

Məhkəmə prosesi oktyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının
vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı
qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,
şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana
hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan
Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,
Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən
sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair
cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan
Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,
Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon
Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,
Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,
başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən
şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və
ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı
beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz
sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228
(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə
təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai
xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə
və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham
olunurlar.