
Bakı. Trend:
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının
təşəbbüsü ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib.
Azərbaycanın rəqəmsal transformasiyasının aparıcı qüvvələrindən
biri olan “Azercell Telekom” MMC forumun Platin sponsoru qismində
tədbirə dəstək göstərib.
Milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən
forum beynəlxalq təcrübənin paylaşılması, innovativ yanaşmaların
müzakirəsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün
mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində rəqəmsal
transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt
texnologiyalarının bu sahəyə təsiri, eləcə də müasir müdafiə
mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum dövlət qurumlarının, özəl sektor nümayəndələrinin,
beynəlxalq ekspertlərin və aparıcı texnologiya şirkətlərinin
iştirakı ilə baş tutub.
Forum çərçivəsində keçirilən “Rəqəmsal transformasiyada kiber
çağırışlar” panel müzakirəsində “Azercell Telekom”un
Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin
kibertəhlükəsizlik infrastrukturunda süni intellektin rolu ilə
bağlı əldə olunmuş real və praktiki nəticələri bölüşüb. O qeyd edib
ki, Azercell hazırda korporativ müştərilərə 10-dan çox fərqli
kibertəhlükəsizlik xidməti təqdim edir.
Bildirilib ki, Azercell kibertəhdidlərin aşkarlanması və
rəqəmsal təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə
idarə olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən
ilk telekommunikasiya şirkətidir. M. Şərifli kibertəhlükəsizlik
analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi
qərarlar arasında uyğunluq səviyyəsinin hazırda 95%-i ötdüyünü
vurğulayıb.
Süni intellekt əsaslı texnologiyalar fasiləsiz fəaliyyət
göstərərək əməliyyat proseslərinin sürətini və effektivliyini
əhəmiyyətli dərəcədə artırır, bəzi hallarda isə proseslərin icra
müddətini ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldır.
Eyni zamanda, bu texnologiyalar böyük həcmli məlumatların emalı və
təhlili, eləcə də potensial təhlükələrin vaxtında
müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaradır.
Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini
“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və
kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na
uyğun olaraq inkişaf etdirir və ölkənin rəqəmsal dayanıqlılığının
gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə davam
edir.

