Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş “Şövkət” filmi təqdim edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun təşəbbüsü ilə
çəkilmiş, Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya
həsr olunmuş “Şövkət” bədii filminin təqdimat mərasimi baş
tutub.

Trend xəbər
verir ki, Nizami Kino Mərkəzində keçirilən tədbirdə AZCON Holding,
o cümlədən ASCO rəhbərliyi və əməkdaşları, ADDA və ADK tələbələri,
ictimaiyyət və mədəniyyət nümayəndələri, jurnalistlər, həmçinin
filmin yaradıcı heyəti iştirak edib.

Təqdimatda çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf
Vəliyev bildirib ki, 167 illik tarixi olan gəmiçiliyin zəngin
irsindən qaynaqlanmaqla çəkilmiş filmin 22 oktyabr tarixində
təqdimatı xüsusi önəm daşıyır. Məhz 2013-cü ilin bu günündə Cənab
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə fəaliyyət
göstərən iki qədim və böyük donanmanın birləşdirilməsi yolu ilə
hazırda ASCO brendi ilə fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC yaradılıb.

ASCO yarandığı gündən dənizçi peşəsinin nüfuzunun daha da
artırılmasının prioritet məsələ olduğunu qeyd edən sədr, “Şövkət”
filminin bu məqsədə nail olmaq istiqamətində reallaşdırılan
layihələrdən biri olduğunu diqqətə çatdırıb.

Rauf Vəliyev Şövkət Səlimovanın həyat və fəaliyyətinin gənc
xanımlar üçün güclü motivasiya mənbəyi olduğunu, ASCO-da həm sahil,
həm də üzən heyətdə çalışan, eləcə də ADDA-da təhsil alan
xanımların sayının getdikcə artdığını bildirib.

Daha sonra sədr həmin xanımlardan biri olan RoPax tipli “Zərifə
Əliyeva” gəmisində matros kimi çalışan ADDA məzunu Nuranə
Əkbərovanı səhnəyə çağırıb və bundan sonra kapitan köməkçisi kimi
fəaliyyətini davam etdirəcəyi münasibətilə onu təbrik edib.




Tədbirdə xanım kapitana həsr olunmuş və 1979-cu ildə Xalq
artisti Flora Kərimovanın ifa etdiyi “Sular qızı” romansından bir
parça səsləndirilib. Romansın səsləndirilməsindən sonra Xalq
artisti Flora Kərimova Şövkət Səlimova ilə bağlı xatirələrini
bölüşüb.

Daha sonra bədii film nümayiş edilib. Təqdimatın ardınca filmin
yaradıcı heyəti səhnəyə dəvət olunub və onlara ASCO adından
“Təşəkkürnamə” təqdim edilib.

Filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis,
həmçinin 100-dən artıq aktyor iştirak edib. Şövkət Səlimovanın
obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Ekran işində
Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər
Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol
alıblar.

Bədii filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr
departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə
“Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif
Rüstəmovdur. Filmin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir
rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı
prodüseri isə Səbinə Həsənovadır.

Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və
müxtəlif real məkanlardan geniş istifadə olunub. Həmçinin dövrün
ruhunu əks etdirmək məqsədilə unikal rekvizitlər hazırlanıb.