
Bakı.Trend:
Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci
Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.
Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, konfrans çərçivəsində nazir Fərid Əhmədov
Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd
bin Saleh Əl-Samni ilə görüşüb. Görüş zamanı ölkələr arasında
dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə
hüquq və ədliyyə sahəsində inkişafından məmnunluq ifadə olunub,
qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin
önəmi vurğulanıb.
Tərəflər, həmçinin ədliyyə sahəsində əməkdaşlığın institusional
əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramını
imzalayıblar. Proqram qeydiyyat, notariat və digər ədliyyə
orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi,
tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər
sahələri əhatə edir.
Qeyd edək ki, 23-24 noyabr tarixlərini əhatə edən konfrans
ümumilikdə 40-dan çox ölkədən yüksək vəzifəli dövlət rəsmilərinin,
beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və
alimlərin iştirakı ilə keçirilib. Tədbirdə ədliyyə və məhkəmə
sistemlərində texnologiyaların gələcəyi, rəqəmsal transformasiya və
süni intellektin tətbiqi, qanunvericilik sahəsində müasir
yanaşmalar, alternativ mübahisələrin həlli mexanizmlərinin
təkmilləşdirilməsi və digər aktual mövzular ətrafında geniş fikir
mübadiləsi aparılıb.

