
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq
Respublikasının xarici işlər naziri Van İ ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüş zamanı BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülh və
təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və
prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin
gücləndirilməsi” mövzusunda açıq müzakirələrin təşkilinə görə Çin
tərəfinə təşəkkür ifadə olunub və bu təşəbbüsün mövcud qlobal
çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər Azərbaycan ilə Çin arasında münasibətlərin dinamik
inkişafından məmnunluq ifadə edərək, son illər yüksəksəviyyəli
siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni
mərhələyə qədəm qoymasına mühüm töhfə verdiyini qeyd ediblər. Bu
çərçivədə iki ölkə arasında 2025-ci ildə hərtərəfli strateji
tərəfdaşlıq münasibətlərinin təsis edilməsinin əlaqələrin daha da
möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci ildə Çinə dövlət
səfəri çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış
sənədlərin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə
müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda,
2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin
qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin
ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi qeyd
edilib.
Görüş zamanı ticarət, investisiya, nəqliyyat və logistika,
enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, rəqəmsal
innovasiyalar, kənd təsərrüfatı, elm, təhsil və humanitar sahələrdə
əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək
qiymətləndirilib. Ölkəmizdə Çin sərmayəsi ilə istehsal
müəssisələrinin fəaliyyətinin iqtisadi əməkdaşlığa töhfəsi
vurğulanıb. Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən birgə
layihələrin strateji əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında
viza tələbinin aradan qaldırılmasının insanlar arasında təmasların
artmasına müsbət töhfə verdiyi diqqətə çatdırılıb.
Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı
dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
BMT, AQEM, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda
birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb.
Çin nümayəndə heyətinin cari ilin may ayında Azərbaycanda
keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal
iştirakından məmnunluq ifadə olunub və bu iştirakın çoxtərəfli
əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib.
Xalqlararası münasibətlərin möhkəmləndirilməsinin vacibliyi
vurğulanaraq, təhsil, mədəniyyət, turizm və gənclər arasında
mübadilə proqramlarının genişləndirilməsinin uzunmüddətli
tərəfdaşlığın inkişafında xüsusi rol oynadığı qeyd edilib.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri nəzərdən
keçirilib. Çin vətəndaşlarının İrandan təxliyəsi üçün göstərilən
dəstəyə görə ölkəmizə minnətdarlıq bildirilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər müzakirə edilib.

