Azərbaycan Prezidenti BMT tribunasından ədalətə əsaslanan yeni dünya qurmağa çağırış etdi – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş
Assambleyasının 80-ci sessiyasındakı çıxışında bu çağırışı etdi:
“Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin
selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə
sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya
quraq”.

Prezident İlham Əliyevin bu çağırışı yalnız bu gün ilə bağlı
deyil. Azərbaycan dövlətinin başçısı 30 illik işğal dövründə ən
yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının
sessiyalarından mütəmadi olaraq bu kimi bəyanatları səsləndirirdi.
Amma “nədənsə” bu çağırışlar eşitməzlikdən, reallıqlar isə
görməzlikdən gəlinirdi. Ədalətin və beynəlxalq hüququn tərəfində
olan, daim bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında
həllinə çağırışlar edən, ən əsası müharibə şəraitində yaşayan bir
ölkə üçün dünyaya ədalət çağırışının edilməsi özündə bütün
məqamları ehtiva edir. Torpaqlarının 20 faizi işğal altında, bir
milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan
Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
icrasını gözlədi. Hansı ki, həmin qətnamələrin qəbulunda iştirak
edən ölkələrdən üçü-ABŞ, Fransa və Rusiya 1992-ci ildə keçmiş
Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə
yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr
ölkələri idi.

Həmin qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən
qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Lakin
bütün bunlara baxmayaraq, bəzi dünya gücləri işğalçını adı ilə
çağırmaqdan imtina etdilər və belə bir gülünc yanaşma ortaya
qoydular ki, guya bu, birtərəflilik kimi dəyərləndirilər və
münaqişənin həlli prosesinə mənfi təsir göstərər. Həmin güclər
unutdular ki, onların özü ədaləti və beynəlxalq hüququ maraqlarına
qurban verməklə problemlərin həlli prosesinin uzanmasına səbəb
olurlar. Reallıq bu idi ki, onlar münaqişənin həllində deyil, onun
dondurulmasında maraqlı idilər. Prezident İlham Əliyev sözügedən
çıxışında da bu məsələlərə xüsusi diqqət yönəldərək bildirdi ki,
uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş
təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün
isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində
yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan,
sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin
hər bir çıxışı Azərbaycan reallıqlarının, dövlətimizin regionda və
dünyada möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol
oynayır. Beş il bundan öncə – 2020-ci ilin bu günlərində Prezident
İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında
Ermənistanın yeni ərazilər uğrunda müharibə planından bəhs etdiyi
halda, bu gün 80-cı sessiyada otuz ilə yaxın müddətdə davam edən
səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın BMT
Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə
hüququndan istifadə etməyə məcbur olduğunu diqqətə çatdırdı.
Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik
raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox
günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə
müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı.
Mülki şəxslərin mühafizəsi təmin edildi, qeyri-hərbi infrastruktur
hədəfə alınmadı. 44 günlük Vətən müharibəsi zamanı Silahlı
Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın
ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın
10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın davam
edən işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi
tarixə düşdü. Azərbaycan Zəfərlə bitən müharibədən dərhal sonra
ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması
əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır
olduğunu bəyan etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, regionda sülh gündəliyinin
müəllifi Azərbaycandır. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan beş
təməl prinsipi irəli sürdü, sülh müqaviləsi layihəsini Ermənistana
təqdim etdi. Azərbaycanın təşəbbüsü ilə layihə mətni üzrə 2022-ci
ilin oktyabrından 2025-ci ilin yayına qədər danışıqlar prosesi
davam etdi. Bu il avqustun 8-də Vaşinqtonda – Ağ Evdə ABŞ,
Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və
Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini
parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş
naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da bu
sənədə şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və
Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş
mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının
bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın
1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul
etdi. Ümumilikdə Prezident İlham Əliyevin avqust ayında ABŞ-a
işgüzar səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət
daşıyır. Ölkə Prezidenti çıxışında Azərbaycan-ABŞ münasibətlərində
yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq
səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan
arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa
təşəkkür etdi.

Milli Məclisin deputatı bildirib ki, Prezident İlham Əliyev
çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri də enerji
təhlükəsizliyi oldu. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin
təminatına töhfələri davamlılığı ildə diqqətdədir. Ölkəmiz etibarlı
və əvəzolunmaz tərəfdaşa çevrilib. Azərbaycan şaxələndirilmiş neft
və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara
birləşdirilməsində strateji rol oynayır. Prezident İlham Əliyev
Azərbaycanın hazırda 14 ölkəyə təbii qaz ixrac etdiyini, boru
kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada
birinci yeri tutduğunu açıqladı. Bu, Avropada və onun hüdudlarından
kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat
marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks
etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji
təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra
yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı
gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən
Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da dost
ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə
azaldıb. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi
kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir.
2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi
bərpaolunan mənbələr hesabına təmin ediləcək.

Vüqar Rəhimzadə hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas
alan bərpa-quruculuq işlərinin Azərbaycanın iqtisadi imkanlarının
təqdimatında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki,
Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra
azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start
verdi. Prezident İlham Əliyev çıxışında bu reallıqları da diqqətə
çatdırdı ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi
yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi
cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan
Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və
şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində
artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir
və təhsil alır.

Milli Məclisin deputatı ərazi bütövlüyümüzün və suverenliyimizin
bərpası fonunda Azərbaycanın yeni dövrə qədəm qoymasından, hazırkı
dövrün əsas çağırışlarından və hədəflərindən bəhs edib. Bildirib
ki, dövlətimizin başçısının vurğuladığı kimi, biz həm müharibəni
udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə
başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh
de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa
hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız
Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn
sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim
baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və
inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət
və əməkdaşlıqdır.