Bakı.Trend:
Arxeoloji abidədə qanunsuz qazıntı işləri aparan şəxslər
məsuliyyətə cəlb edilib.
Bu barədə Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidməti məlumat verib.
Bildirilib ki, 2023-cü ilin noyabrında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli
Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət
mühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasında
yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz
qazıntı işlərinin aparıldığı aşkar olunmuşdu.
Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazinin
qorunması üçün nəzarət tədbirləri gücləndirilib.
2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin
aparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdən
sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində
saxlanılıblar.
Müəyyən edilmişdir ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov
Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında
birləşib, tamah niyyəti ilə dəfinə axtarmaq üçün IX–XII əsrlərə aid
Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz
qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38
metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal
qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.
Faktla bağlı 11 mart 2025-ci il tarixində Azərbaycan
Respublikası Baş Prokurorluğu tərəfindən Şahmalıyev Namiq Kamil
oğlu və Novruzov Sabit Sədi oğlunun barəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi
başlanılıb. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1
avqust 2025-ci il tarixində baxılması üçün İsmayıllı Rayon
Məhkəməsinə göndərilib.
Hazırda işin məhkəmə istintaqı davam edir.
Qeyd edək ki, həmin maddənin sanksiyasına əsasən
təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə
bilərlər.

