
Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Türkiyənin Adana
Hacı Sabancı Organize Sənaye Zonası arasında müxtəlif istiqamətlər
üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə İZİA məlumat yayıb.
Memorandum Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin
təşkilatçılığı ilə Azərbaycana səfər edən Adana Hacı Sabancı
Organize Sənaye Zonasının nümayəndə heyətinin İZİA-nın
idarəçiliyində olan Sumqayıt Sənaye Parkına səfəri çərçivəsində
imzalanıb.
Görüş zamanı Azərbaycan və Türkiyədə sənaye zonalarının
fəaliyyəti, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi,
investorlar üçün yaradılan imkanlar və yeni birgə təşəbbüslər
barədə fikir mübadiləsi aparılıb.
Anlaşma Memorandumunu İZİA-nın İdarə Heyəti sədrinin müavini
Aqil Əzizov və Adana Hacı Sabancı Organize Sənaye Zonasının İdarə
Heyətinin sədri Bekir Sütçü imzalayıblar.
Sənədə əsasən, sənaye müəssisələri və investorlar arasında
biznes əlaqələrinin genişləndirilməsi əsas əməkdaşlıq
istiqamətlərindən biri olacaq. Bununla yanaşı, sənaye zonalarında
yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması,
rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə
mübadiləsinin aparılması planlaşdırılır.
Memorandum çərçivəsində həmçinin birgə təşəbbüslərin həyata
keçirilməsi, sənaye müəssisələri arasında əlaqələrin
gücləndirilməsi və qarşılıqlı təcrübədən istifadə imkanlarının
genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlığın Azərbaycan və
Türkiyənin sənaye zonaları arasında əlaqələrin inkişafına,
müəssisələr və investorlar arasında yeni biznes imkanlarının
formalaşmasına xidmət etməsi gözlənilir.
Səfər çərçivəsində Adana Hacı Sabancı Organize Sənaye Zonasının
nümayəndələri Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən bir sıra
müəssisələrin fəaliyyəti ilə də tanış olublar. Onlara parkda həyata
keçirilən layihələr, istehsal müəssisələrinin fəaliyyəti və sənaye
zonasında yaradılmış infrastruktur barədə məlumat verilib.
Adana Hacı Sabancı Organize Sənaye Zonasının məlumatına görə,
sənaye zonası 1973-cü ildən fəaliyyət göstərir. Hazırda onun ümumi
ərazisi təxminən 2 200 hektardır. Burada müxtəlif sahələrdə
fəaliyyət göstərən 500-dən çox sənaye müəssisəsi yerləşir və 42
mindən çox insan çalışır.
Sənaye zonasında tekstil, maşınqayırma, kimya və qida sənayesi
də daxil olmaqla müxtəlif istiqamətlər üzrə istehsal həyata
keçirilir. Zonanın məlumatında bildirilir ki, müasir infrastruktur,
enerji səmərəliliyi tədbirləri və ətraf mühitə yönəlmiş layihələr
sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi istiqamətində
əsas elementlərdəndir.
Adana Hacı Sabancı Organize Sənaye Zonasında sənaye müəssisələri
ilə yanaşı, ixtisaslı kadrların hazırlanmasına və sosial
xidmətlərin inkişafına yönəlmiş obyektlər də fəaliyyət göstərir.
Bunlar arasında Çukurova Universitetinin sənaye zonası üzrə peşə
məktəbi, texnologiya kolleci, poliklinika və 200 şagird yerlik uşaq
bağçası var.
Sənaye zonasının məlumatına əsasən, burada sənaye
müəssisələrinin ehtiyaclarına uyğun ixtisaslı işçi qüvvəsinin
hazırlanması, məşğulluğun dəstəklənməsi, ətraf mühitin qorunması və
sosial məsuliyyət istiqamətlərində də layihələr həyata
keçirilir.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı da Azərbaycan sənayesinin
inkişafında mühüm istehsal məkanlarından biridir. Parkda müxtəlif
sənaye sahələri üzrə layihələr həyata keçirilir və yerli və xarici
investorların fəaliyyət göstərməsi üçün sənaye infrastrukturu
yaradılıb.
İZİA ilə Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında
imzalanmış memorandum çərçivəsində nəzərdə tutulan əməkdaşlığın
sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, yeni
texnologiyaların tətbiqi və təcrübə mübadiləsinin inkişafına
yönələcəyi bildirilir.

