ABŞ Səudiyyə Ərəbistanına 24,3 milyard dollara F-35 qırıcıları satacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası Səudiyyə Ərəbistanına “F-35 Lightning II
Joint Strike Fighter” qırıcılarının və müvafiq avadanlıqların 24,3
milyard dollar dəyərində satışına dair razılığa gəlib.

Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun strukturuna
daxil olan, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi
texnika tədarükünə cavabdeh olan aidiyyəti dövlət qurumu məlumat
yayıb.

ABŞ hər bir qırıcı ilə birlikdə Pratt & Whitney F135-PW-100
mühərrikləri, həmçinin əlavə bir ehtiyat mühərrik, eləcə də qorunan
rabitə, naviqasiya və şifrələmə sistemləri təqdim edəcək.




ABŞ hakimiyyətinin fikrincə, “sövdələşmə NATO-ya daxil olmayan
əsas müttəfiqlərdən birinin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın
xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına
töhfə verəcək”.

Dövlət Departamenti və Pentaqon əlavə edib ki, “təklif olunan
sövdələşmə Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətini
gücləndirməklə, ABŞ Silahlı Qüvvələri, eləcə də digər regional və
NATO qüvvələri ilə operativ qarşılıqlı fəaliyyət imkanlarını
yaxşılaşdırmaqla ölkənin mövcud və gələcək təhdidlərin qarşısını
almaq qabiliyyətini artıracaq”.

Administrasiyanın iddiasına görə, qırıcıların satışı “regiondakı
hərbi balansı dəyişməyəcək” və “ABŞ Silahlı Qüvvələrinin döyüş
hazırlığına mənfi təsir göstərməyəcək”.