Bakı. Trend:
Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və
elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən risk
əsaslı yanaşma ilə bağlı ictimaiyyətdə yaranan suallara aydınlıq
gətirib.
ABA-dan Trend-ə
verilən məlumata görə, mövcud yanaşmaya əsasən, əməkhaqqı, pensiya
və digər sosial müavinətlər üçün nəzərdə tutulan ödəniş kartları,
sahibkarlıq hesabına bağlı ödəniş kartları, eləcə də depozit
hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bank
tərəfindən təqdim edilən hər bir ödəniş kartı məhsulu üzrə milli
valyutada bir, hər bir xarici valyuta üzrə isə bir ödəniş kartı
nəzərdə tutulur.
“Bu o deməkdir ki, bankın təqdim etdiyi ayrı-ayrı kart
məhsullarının hər biri üzrə müştəri ayrıca ödəniş kartı əldə edə
bilər. Xarici valyutada da eyni yanaşma tətbiq edilir”, – deyə ABA
bildirib.
Assosiasiyadan verilən məlumata görə, elektron pula bağlı ödəniş
hesabları üzrə isə baza yanaşması olaraq milli valyutada iki, hər
bir xarici valyuta üzrə isə bir ödəniş hesabı nəzərdə tutulur.
ABA-dan bildirilib ki, sözügedən limitlər baza xarakteri daşıyır
və risk əsaslı yanaşma çərçivəsində tətbiq edilir. Buna görə də
onlar qəti xarakter daşımır.
“Ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş kartı və ya
elektron pula bağlı ödəniş hesabının istifadə məqsədi barədə
ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların
təşkilatda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla
uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə
edilmədiyinə əminlik yarandığı hallarda, bank və ya elektron pul
təşkilatı tərəfindən konkret ödəniş xidməti istifadəçisi üzrə həmin
limitlərin artırılması mümkündür”, – deyə açıqlamada
vurğulanıb.
ABA bildirib ki, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti
istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil.
“Əsas məqsəd risklərin daha effektiv idarə olunmasını təmin
etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş
ekosisteminin formalaşdırılmasına töhfə verməkdir”, – deyə
Azərbaycan Banklar Assosiasiyası qeyd edib.

