
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Prezidentin iyulda qəbul edilmiş qanunu dəyişiklik təklifləri ilə parlamentə qaytarmasının səbəblərini açıqlayıb.
Modern.az xəbər verir ki, komitə iclasında gündəliyin üçüncü məsələsini təqdim edən Azər Əmiraslanov təkliflərin innovasiya ekosisteminə dövlət dəstəyini və stimullaşdırıcı mexanizmləri təkmilləşdirmək məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, qanunun əsas məqsədi dəyişmir: innovativ iqtisadiyyatın inkişafını sürətləndirmək və bu sahəyə özəl investisiyaların cəlbini təşviq etmək. Prezidentin təklif etdiyi dəyişikliklər isə həmin məqsədə çatmaq üçün tətbiq mexanizmlərini təkmilləşdirməyə yönəlib.
“Dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, ünvanlı və nəticəyönümlü xarakter alacaq”, – komitə sədri qeyd edib.
09:00
İyulun 14-də Milli Məclisin qəbul etdiyi vergi, miqrasiya və digər sahələrlə bağlı qanun yenidən parlamentin müzakirəsinə çıxarılır.
Modern.az xəbər verir ki, məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasında müzakirə ediləcək.
Qeyd edək ki, Prezident tərəfindən imzalanmadan dəyişikliklərlə geri qaytarılan qanun Vergi və Miqrasiya məcəllələrini, həmçinin “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunları əhatə edir.
İyulda qəbul edilmiş layihədə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində çalışan müəyyən şəxslər üçün vergi güzəştləri də nəzərdə tutulurdu.

