Formula 1 Azərbaycan Qran-Prisi: İlk sərbəst yürüş başladı

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhər Halqasında Formula 1 üzrə Azərbaycan Qran-Prisinin
ilk sərbəst yürüş sessiyası start götürüv.

Trend-in
yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, ilk sərbəst
yürüş saat 12:30-da başlayıb və 13:30-dək davam edəcək.

Sessiya çərçivəsində pilotlar trasın xüsusiyyətlərini daha
yaxından öyrənəcək, bolidlərin sazlanmasını yoxlayacaq və yarışın
qalan hissəsi üçün hazırlıq aparacaqlar.

Bu gün Formula 1 proqramında daha bir sərbəst yürüş sessiyası da
nəzərdə tutulub. İkinci sərbəst yürüş saat 16:00-da başlayacaq və
17:00-dək davam edəcək.

Azərbaycan Qran-Prisinin əsas yarışı isə sentyabrın 26-da
keçiriləcək.

Məlumat üçün bildirək ki, Bakıda keçiriləcək Formula 1
Azərbaycan Qran-Prisi bu il yubiley – 10-cu dəfə təşkil olunur.




Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa
Qran-Prisi adı ilə keçirilib, 2017-ci ildən isə mərhələ Azərbaycan
Qran-Prisi kimi Formula 1 təqvimində yer alır. Yalnız 2020-ci ildə
COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyib.

Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas
yarışda 51 dövrə tamamlayaraq 306 kilometrdən çox məsafə qət
edəcəklər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20
döngədən ibarətdir.

Bakı yarışı dar küçələri, uzun düzlükləri və baryerlərin trasa
yaxın yerləşməsi ilə seçilir. İçərişəhər divarları boyunca uzanan
hissədə yolun eni 7,6 metrədək azalır ki, bu da pilotlar üçün səhv
imkanlarını minimuma endirir.

Bakı həmçinin gözlənilməz nəticələri ilə tanınır. İndiyədək
Azərbaycan Qran-Prisini iki dəfə qazanan pilotlar arasında Serxio
Peres və Maks Ferstappen yer alır. Ferstappen 2022 və 2025-ci
illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda finiş xəttini
birinci keçib.

Bu dəfə çempionatın lideri Kimi Antonelli Bakı mərhələsinə 81
xallıq üstünlüklə gəlir. Mercedes pilotu mövsümün ilk 14 yarışından
səkkizində qalib gəlib və sonuncu mərhələdə – Madriddə də birinci
olub.

Azərbaycan Qran-Prisinin bu ilki mərhələsində Formula 2 üzrə də
fərqli format tətbiq olunacaq. Bakı bu mövsüm Formula 2-nin yeganə
dəstək seriyası olduğu mərhələdir və burada cümə axşamı iki
sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü
isə ikinci əsas yarış keçiriləcək.