
Bakı. Trend:
Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya
gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini
keçib.
Trend-in
yarış ərazisinə ezam olunan müxbirinin xəbərinə görə, bu, Formula
1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək
göstəricidir.
Xatırladaq ki, xarici qonaqların ötən ilki sayı 14 min olub.
Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü
göstərir.
2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox
ölkədən olan azarkeşlər tərəfindən alınıb.
Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da
genişləndiyini göstərir.
10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya
gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini
Azərbaycan paytaxtına yönəldib.
Məlumat üçün bildirək ki, Bakıda keçiriləcək Formula 1
Azərbaycan Qran-Prisi bu il 10-cu dəfə təşkil olunur.
Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa
Qran-Prisi adı ilə keçirilib, 2017-ci ildən isə mərhələ Azərbaycan
Qran-Prisi kimi Formula 1 təqvimində yer alır. Yalnız 2020-ci ildə
COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyib.
Bakı Şəhər Halqasının uzunluğu 6 kilometrdir. Pilotlar əsas
yarışda 51 dövrə tamamlayaraq 306 kilometrdən çox məsafə qət
edəcəklər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20
döngədən ibarətdir.
Bakı yarışı dar küçələri, uzun düzlükləri və baryerlərin trasa
yaxın yerləşməsi ilə seçilir. İçərişəhər divarları boyunca uzanan
hissədə yolun eni 7,6 metrədək azalır ki, bu da pilotlar üçün səhv
imkanlarını minimuma endirir.
Bakı həmçinin gözlənilməz nəticələri ilə tanınır. İndiyədək
Azərbaycan Qran-Prisini iki dəfə qazanan pilotlar arasında Serxio
Peres və Maks Ferstappen yer alır. Ferstappen 2022 və 2025-ci
illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda finiş xəttini
birinci keçib.
Bu dəfə çempionatın lideri Kimi Antonelli Bakı mərhələsinə 81
xallıq üstünlüklə gəlir. Mercedes pilotu mövsümün ilk 14 yarışından
səkkizində qalib gəlib və sonuncu mərhələdə – Madriddə də birinci
olub.
Azərbaycan Qran-Prisinin builki mərhələsində Formula 2 üzrə də
fərqli format tətbiq olunacaq. Bakı bu mövsüm Formula 2-nin yeganə
dəstək seriyası olduğu mərhələdir və burada cümə axşamı iki
sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü
isə ikinci əsas yarış keçiriləcək.

