Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində sakinlərlə görüş keçirib – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüblər.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyiblər.

14:17

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya – gölə baxış keçiriblər.

Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir.

Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su kimi istehsalatda yenidən istifadə etməyin mümkün olduğunu göstərir.

Komissiya üzvləri, həmçinin, ərazidə olan ehtiyat gölə də baxış keçiriblər.

Bunun ardınca komissiya üzvlərinin Söyüdlü kəndinin sakinləri ilə görüşü olacaq.

12:17

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.

İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub.

Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.

11:38

“Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək”.

Bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real” TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər:

“Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və təklifləri hazırlayacaq”.

11:13

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gediblər.

resmixeber.az-nın yerli bürosunun məlumatına görə, komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.

Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir