“O qızı alsan, üstümə neft töküb özümü yandıracağam”

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Bilmirəm bu nədən irəli gəlir? Heç maraqlı da deyil. Amma tez-tez rastlaşdığımız haldır ki, çox zaman analar övladlarını, daha çox da oğullarını bu cür şantaj edir: “O qızı alsan, üstümə neft töküb özümü yandıracağam”. Bir övlad üçün anadan əziz heç nə olmadığı üçün çox zaman bu vasitə kömək edir. Oğul və ya qız anasının xeyrinə sevib-seçdiyi adamdan imtina edir. Bəzən də atasının. 

Ehtimal edək ki, oğul və ya qız övladının seçimi doğru adam deyil. Sevgi dediyin məfhum da elə bir şeydir ki, bir müddətlik yaşanan kimyəvi proseslər nəticəsində adamlar sanki tərki-dünya olurlar, reallığı düzgün qiymətləndirə bilmirlər. 

Əslində bu, təbiətin insan nəslinin artması üçün yaratdığı təbii bir haldır. Belə ki, sevgi bir neçə mərhələdən keçir ki, onların hər biri bədəndə müvafiq reaksiyalara səbəb olan müəyyən kimyəvi elementlərdən asılıdır. 

Məsələn ilk cəzbetmə zamanı monoamin qrupundan neyromediatorlar işə düşürlər. Bura aşağıdakılar aiddir.

Dopamin – bu, məhz o maddədir ki, bəzi insanlar bunu əldə etmək üçün bədənlərinə kokain və nikotini yeridirlər. Təsəvvür edin ki, aşiq olmuş adamın orqanizmində bu maddə təbii olaraq yaranır. 

Noradrenalin – adrenalinin ən yaxın qohumu hesab olunur. Bu element bizi tərlədir və ürəyimiz daha sürətli döyünür.

Serotonin isə sevginin əsas “mühərriki”dir ki, onun çatışmazlığı depressiyaya, normadan çox olması isə təbii dəliliyə gətirib çıxarır. Və burada biz Məcnunun Leylinin sevgisindən dəli olub səhraya düşməsini xatırlayırıq. Bu da elmi əsas. 

Sevgi hisslərinin elmi əsaslarla təhlilini daha çox davam etdirə bilərdim, amma məğz bu deyil.  Məğz budur ki, hər bir kəs aşiq ola bilər və onun niyə özünü elə yox, belə aparmağının elmi əsası var. 

Yəni övladlarımızın, yaxınlarımızın qeyri-adi vəziyyətini, davranışlarında baş verən dəyişikliyi görəndə ilk növbədə bu elmi əsasları, kimyəvi prosesləri yada salmaq lazımdır. Və anlamaq da lazımdır ki, bu kimyəvi proseslər əbədi davam edə bilməz. Çünki bu təbiətin bütün qanunlarına ziddir. Təbiət isə hər şeyi çox yaxşı yerbəyer edir. 

Qayıdaq vurğunluq mərhələsinə. Bu mərhələdə xeyli gənclər biz valideynlərə görə səhv addım atır və ya səhv adamla (fərqi yoxdur, qız ya oğul) yola çıxa bilərlər. Təbii ki, hər bir valideyn arzu edir ki, onun övladı acı təcrübə yaşamadan, başqalarının “səhvi” üzərindən keçərək daha uğurlu münasibətə imza atsın. Amma hər şey bizim arzumuzla olmur. 

Bu məqamda biz valideynlərin edə biləcəyi ən gözəl şey məncə hər şeyi rahat buraxmaqdır. Həm özünü, həm də uşağı. Təbii ki, əgər ölüm-itim məsələsi yoxdursa. 

Əgər, fərz edək oğlum “ay ana, öldü var, döndü yoxdur, bu qızla evlənirəm” deyəndə, ağıllı və müdrik valideyn əvvəlcə profilaktik söhbət edir. Əgər danışıq, söhbət və s. vasitələr alınmırsa o zaman “ yaxşı övladım, Allah sizi xoşbəxt eləsin” deyib xonçalarla həmin qapıya getmək lazımdır. Qapısına getdiyiniz qız bu və ya digər səbəbdən övladınıza heç bir halda uyğun olmasa belə, övladın seçiminə hörmətlə yanaşıb ona dəstək olmaq lazımdır. 

Çünki bayaq sadaladığım kimyəvi prosesləri yaşayan adam həmin an etibarilə yüngülcə desək anlaqsız olur. Onunla hədə-qorxu, şantajla ortaq razılığa gəlmək mümkün deyil. Çünki kifayət qədər nümunələr var ki, valideyn təzyiqinə davam gətirməyən gənclər ya canlarına qıyırlar, ya da valideynlərindən üz çevirirlər. Bu isə valideyn üçün çox böyük dərddir. 

Bütün bu faciələri yaşamamaq üçün uşağın bir dəfə əlini oda atması kifayət edir. Düzdür, canı yanacaq, amma sonunda təcrübə qazanacaq. Anlayacaq ki, valideylərinin ona dedikləri yalan deyil.

Əgər həqiqətən də övladımızın seçimi düzgün deyildisə, zamanla daşlar yerinə oturur və hər şey qaydasına düşür. 

Bir müddət sonra oğlan da, ayılır, qız da. Valideyn də pis olmur. Uşaq da özünə qəsd etmir. Uzağı üç-beş xonçanın xərci çıxır. Lap elə olsun toyun xərci. Övladdan ki, artıq deyil. Bir toy, bir nişana görə düşünürəm ki, övladı o vəziyyətin dustağı saxlamaq olmaz. Ona azad olmaq üçün mütləq kömək etmək lazımdır. 

Bu yaşananlardan sonra isə gəlir həm övlad, həm də valideyn üçün daha vacib mərhələ. İndi onun istədiyi sadəcə valideyn dəstəyidir. Lap balaca yaşlarda olduğu kimi. Yıxılanda bizi kim qaldırırdı ki? Məhz onlar. 

Ana və ya atanın dəstəyi olduqca vacib və həyata bağlanmaq üçün lazım olur. Daha ana və atanın qınağı “mən sənə demişdim axı, ay axmaq!” deməsi yox. 

Əksinə “sənin mənim kimi anan və ya atan var, bütün bu çətinliklərdən birlikdə keçəcəyik!” deməsi lazımdır. Necə bunu bir neçə gün əvvəl müğənni Rəqsanə dedi öz qızı Aysun üçün. Tam səmimi deyirəm, bu qadının bir ana kimi bu sözü deməsi və hərəkətləriylə övladına yiyə durmasına ancaq və ancaq alqış düşür. 

Bu boyda dastan yazmağımın məqsədi o idi ki, nə olursa olsun, övladımıza yiyə durmalıyıq. “Qonşu-qohum nə deyər?” fikri ilə onların üstündən xətt çəkmək doğru yanaşma deyil.

Qohum da, qonşu da sağ olsun, özləri üçün. Mənim üçün əsas mənim övladımın fiziki və mənəvi sağlamlığıdır, onun xoşbəxt olmasıdır. 

Vallah ki, zaman çox tez ötür. Uşaqlarınızı lap yekə qız, oğlan olanda belə tez-tez qucaqlayın. Çünki biz olmayanda yadlarında məhz bu qalacaq. O məni bərk-bərk qucaqlayardı…

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir