IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm
Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə
əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun
fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün
növbəti təlim sessiyaları təşkil olunub.

Üçgünlük proqramı əhatə edən təlim ölkəmizdə ekoturizmin
inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə
olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar
bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.

IDEA-nın ətraf mühit üzrə ekspertlərinin metodiki tövsiyələri
əsasında tərtib olunan təlim proqramı ekoloji davranış və
məsuliyyətli turizm qaydalarının tətbiqi, təbiətin mühafizəsi,
biomüxtəlifliyin qorunması, turizm sektorunda fəaliyyət göstərən
müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və
turistlərin ekoloji məsuliyyətinin daha da artırılmasına yönəlmiş
müxtəlif mövzuları əhatə edib.




Artıq ikinci dəfə təşkil olunan təlim proqramını və biliklərin
qiymətləndirilməsi mərhələsini müvəffəqiyyətlə başa vuran 28
iştirakçıya sertifikat təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə ekoloji
çağırışlara yönələn dayanıqlı mexanizmlərin formalaşdırılması
baxımından müstəsna əhəmiyyət kəsb edir. IDEA tərəfindən ətraf
mühitin mühafizəsi, biomüxtəlifliyin zənginləşdirilməsi,
yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizə
istiqamətində atılan addımlar, xüsusilə Xəzər dənizi və ölkəmizdə
biomüxtəlifliyin qorunması üzrə həyata keçirilən layihələr ardıcıl
xarakter daşıyır. Bu təşəbbüslər cəmiyyətin, xüsusilə gənc nəslin
ekoloji maarifləndirilməsi vasitəsilə ətraf mühitə məsuliyyətli
münasibətin formalaşdırılmasına və ekosistemin gələcək nəsillər
üçün qorunub-saxlanılmasına xidmət edir.