
Bakı. Trend:
Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə sentyabrın 29-da Bəhreyndə
keçirilən rəsmi mərasim zamanı Azərbaycanın yeni təyin olunmuş
səfiri Cavidan Rizvan oğlu Hüseynovun etimadnaməsini qəbul
edib.
Trend xəbər
verir ki, Həməd bin İsa Al Xəlifə Hüseynovla yanaşı, Cənubi Koreya,
Əlcəzair, Küveyt və Türkiyənin yeni təyin olunmuş səfirlərinin də
etimadnamələrini qəbul edib.
Kral Bəhreynlə Azərbaycan arasında möhkəm ikitərəfli
münasibətləri qeyd edib, iki ölkə arasında əməkdaşlığın və
dostluğun daha da möhkəmləndirilməsi istiqamətində Azərbaycan
səfirinə uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2025-ci ildə
Bəhreyndə Azərbaycanın səfirliyinin yaradılmasının təsdiq edilməsi
barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Nazirlər Kabinetinə Azərbaycan
Respublikasının Bəhreyn Krallığındakı (Manama şəhəri) səfirliyinin
fəaliyyəti ilə bağlı təşkilati və maliyyə məsələlərini həll etmək,
habelə sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata
keçirmək tapşırılıb.
Prezident İlham Əliyevin 27 fevral 2026-cı ildə imzaladığı digər
sərəncamla isə Cavidan Hüseynov Azərbaycanın Bəhreyndə fövqəladə və
səlahiyyətli səfiri təyin edilib.

