İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixində yalnız döyüş meydanında yazılan qəhrəmanlıq salnaməsi deyil, həm də müxtəlif ölkələrdən olan azərbaycanlıların Vətənə bağlılığını nümayiş etdirən unudulmaz bir birlik nümunəsi oldu. Həmin günlərdə Türkiyədən Azərbaycana gələn, əslən Qarabağdan, Laçın rayonu Kürdhacı kəndindən olan həkimlərdən biri Fəxri Cəbrayılov da bu tarixi missiyanın bir parçasına çevrildi.
O, rahat və təhlükəsiz şəraitdə çalışmaq əvəzinə müharibənin ən ağır günlərində cəbhə bölgəsinə yollanaraq yaralı hərbçilərin müalicəsində iştirak etdi. Onun üçün bu, sadəcə həkimlik borcu deyil, illərdir həsrətini daşıdığı Qarabağa qayıdışın başqa bir forması idi.
Müharibənin dəhşətlərini ən yaxın məsafədən görən, yaralı əsgərlərin həyatını xilas etmək üçün gecə-gündüz çalışan həkimlə həmin günləri, cəbhədə yaşadığı ağır anları, qarşılaşdığı hadisələri və Qarabağla bağlı duyğularını danışdıq.
– Necə oldu ki, müharibə bölgəsinə getdiniz? Sizə təklif gəlmişdi, yoxsa özünüz müraciət etmişdiniz?
– Xeyr, mənə təklif gəlməmişdi. Müharibənin başlayacağını eşidəndən, hələ müharibə başlamamış Azərbaycana getmək, nəsə etmək istəyirdim. Mən ümumiyyətlə belə hadisələrə həmişə qarışmışam. Birinci Qarabağ müharibəsinədə də iştirak etmişəm. Qubadlıda da, Ağdamda da olmuşam.
Ağdamda xeyli müddət qaldıq. Təxminən 10 gün orada olduq. Ondan sonra Qubadlıya getdim. Ümumiyyətlə, həmişə müharibədə bir addım öndə olmağa çalışmışam.
İkinci Qarabağ müharibəsinin başlayan vaxtı Türkiyədə bizim attaşe vardı ora gedib müraciət etdim. Müharibəyə aparılmağımı istəyirdim. Hara müraciət edirdimsə, məni geri çevirirdilər. Deyirdilər ki, “Yox, sən yaşlısan, olmaz”.
Bir müddət sonra xəbər yayıldı ki, anestezioloq axtarırlar. Mən də anestezioloqam. TƏBİB-ə yazdım ki, mən anestezioloqam, gedərəm. Anestezioloq tapmaq çətin olduğuna görə məni qəbul etdilər.

Sonra Bakıya gəldik. Gəlməmişdən əvvəl əllərimə xına çəkdim. Türkiyədə belə bir adət var müharibəyə gedənlərin əllərin xına çəklir. Məni Gəncəyə göndərdilər. Mən Gəncəyə getmək istəmədiyimi dedim. Çünki Gəncə müharibə zonasından çox uzaq idi. Etiraz etdim, israr etdim ki, məni oraya göndərməsinlər. Az qala körpə uşaq kimi özümü yerə çırpıb ağlamaq istəyirdim. Axırda gördülər ki, çox israr edirəm, dedilər: “Göndərin bu qoca kişini Füzuliyə”.
Beləliklə, Füzuliyə gəldim.

– Füzulidə vəziyyət necə idi?
– Füzulidə müharibənin çətin günləri başladı. Əlimdən gələni edirdim. Gecə-gündüz yatmırdıq. Orada vəziyyət çox çətin idi. Onlarlarla yaralı gəlirdi. Həmin dövrdə əlimdən gələni etməyə çalışırdım.
Sonra Cəbrayıl azad olundu. Cəbrayıl azad olunandan sonra çox xahiş etdim, yalvardım ki, məni də ora aparsınlar. Dedilər ki, gedə bilməzsən, ora heç kim getmir. Yaralıları gətirmək üçün gedən təcili yardım maşınları vardı. Cəbrayıl yenicə azad olunmuş ərazi idi və ora xüsusi icazə ilə gedirdilər.
Orada bir tibb işçisi vardı, yaralıları gətirirdi. Ondan xahiş etdim ki, məni də özü ilə aparsın. Dedi ki, səni aparmağın bir yolu var. Təcili yardım maşınında paltarlar yığırıq, onların altına gir, səni aparım.
Dedim, yaxşı. Məni paltarların altına saldılar və beləliklə, Cəbrayıla getdim.
Ora çatanda Türkiyədən gələn həkimlər də vardı. Bir-iki gün orada qaldım. Sonra onlara yalvarmağa başladım ki, məni burada saxlayın, mən burada qalmaq istəyirəm. Onlar da razılaşdılar. Təxminən 10 gün orada qaldım.
– İlk dəfə müharibə zonasına həkim kimi getdiyiniz an nə hiss etdiniz?
– Göylərdə uçurdum sevincimdən. Həm sevincli idim, həm də çox pis olurdum. Çünki hər gün gözümüzün qarşısında o qədər şəhid gətirilirdi ki…
Bizim olduğumuz yerə şəhidlər gəlirdi. Amma şəhidlərin gətirilməsindən daha ağır olan onların analarının, atalarının gəlməsi idi. Onların yaşadığı dərdi sözlə ifadə etmək çətindir. Necə ağlayırdılar, necə sızlayırdılar… Torpağın üstündə dizin-dizin sürünürdülər. Əlləri ilə torpağı didirdilər.
Buna dözmək çox çətin idi.

– Cəbrayıldan sonra Qubadlıya gedə bildinizmi?
– Bir müddət sonra iclas zamanı xəbər gəldi ki, Qubadlıda vəziyyəti çox ağır olan bir yaralı var. Qubadlı bombardman altında idi. Oradan həmin yaralını çıxarmaq üçün reanimatoloq lazım idi.
Orada gənc və yaşlı həkimlərdən çox adam vardı, amma heç kim səsini çıxarmadı. Döyüşlərin güclü gedən və çətin vaxtları idi. Mən ayağa qalxdım və dedim: “Mən gedirəm”. Dedim ki, Cəbrayıla da getmişəm, orada da işləmışəm, hamı məndən razıdır. Nəhayət, “Get” dedilər.
Hətta Füzuli Hospitalında bir həkim vardı, laboratoriyanın müdiri. İndi Bakıda işləyir, harada olduğunu bilmirəm. Füzulidə mənə dedi ki: “Bu qədər həkimin içində bir kişi çıxdı, o da Laçındandır.”
Beləliklə, Qubadlıya getdim.
Qubadlı daha vahiməli idi. Hər gecə, hər gün atəşə tutulurdu. Bir əsgər yaralanmışdı. Orda ona heç nə edə bilməzdik, çox ağır vəziyyətdə idi. Yaralını götürüb birbaşa Bakıya gətirdik. Onun vəziyyəti çox ağır idi. İki ayağı sınıq, qollarından biri yox idi .Yaralını xəstəxanaya çatdırdıq. Çox şükür, sonradan vəziyyəti yaxşılaşdı. Hətta televiziyaya da çıxmışdı, məndən də danışmışdı.
Qubadlıda təxminən 10 gün qaldım.

Mənə əvvəlcə bir aylıq icazə verilmişdi. Müddət bitəndə Türkiyəyə qayıdıb icazəni uzatmalı və yenidən geri dönməli idim. Amma mən Türkiyəyə çatanda müharibə artıq başa çatdı.
– Döyüş bölgəsində sizin üçün ən ağır, yaddaşınızdan silinməyən hadisə hansı oldu?
– Mən gecələr Qubadlıda gizli şəkildə səngərlərə gedirdim. Hamı yatanda mən qabağa, döyüşlərin getdiyi ərazilərə gedirdim.
Gözümün qabağında o cavanların parçalanmış halda olduğunu görürdüm. Bu, heç də asan mənzərə deyildi. Amma ən ağır olan valideynlərin övladlarının taleyinə reaksiyası idi. Bir ananın, bir atanın övladı üçün dizin-dizin sürünərək ağlaması gözümün önündən getmir.
Bu mənzərələr mənə çox pis təsir edirdi.

– Əsgərlərin yaralandığı anlarda ilk olaraq nəyə diqqət edirdiniz?
– Bu, yaralanmanın xarakterindən asılı idi. Bəzilərində ilk növbədə qanaxmanı dayandırmaq lazım gəlirdi. Əsas məsələ isə xəstəni şokdan çıxarmaq idi. Çünki yaralı həm psixoloji, həm də ağrılı şok vəziyyətində olurdu. Hər iki vəziyyətdən çıxarmağa çalışırdıq.
– Yaralıları şok vəziyyətindən çıxarmaq üçün hansı üsullardan istifadə edirdiniz?
– Bunun üçün dərmanlar vardı və istifadə olunurdu. Amma həmin dərmanların adını açıqlamaq olmaz, sadəcə onu deyə bilərəm ki, yalnız psixoloji söhbətlə yaralını sakitləşdirmək mümkün olmurdu. Tibbi müdaxilə də mütləq lazım idi.
– Elə vəziyyətlər olurdu ki, tibbi imkanlar kifayət etmirdi və çox ağır seçim qarşısında qalırdınız?
– Olurdu. Bəzən vəziyyət o həddə çatırdı ki, qanaxmanı başqa cür dayandırmaq mümkün olmurdu. Məsələn, ağır qarın yaralanması zamanı damar qanayırdısa, əlimi qarın nahiyəsindən yaraya daxil edib damarı tutmaq məcburiyyətində qalırdım.
Normalda belə bir şey etmək olmaz. Amma həmin anda bunu etməyə məcbursan. Çünki qanaxmanı dayandırmasan, yaralı həyatını itirəcək.

– Həmin dövrdə sizin üçün ən çətin tibbi müdaxilə hansı olub?
– Ən çətin müdaxilə Cəbrayılda oldu. Yaralı çoxsaylı xəsarətlər almışdı. Ürəyi üç-dörd dəfə dayandı. Hər dəfə müdaxilə edib ürəyini yenidən işə saldıq. Amma sonradan, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı.
– Həyatını xilas etdiyiniz əsgərlər arasında yaddaşınızda xüsusi qalan biri varmı?
– Bir oğlan var idi, onu heç vaxt unutmuram. Çox ağır vəziyyətdə idi. Qubadlıdan Bakıya gətirəndə atası da bizimlə idi. Yol boyu bizdən soruşurdu: “Uşağımın əli-qolu yerindədirmi?”
Çox ağır vəziyyət idi. Atası yalvarırdı ki, heç olmasa, oğlunun əl-qolunun yerində olub-olmadığını deyək. Biz isə onun vəziyyətini nəzərə alaraq, həqiqəti deməkdə çox çətinlik çəkirdik. Gələn yaralılar inancla gəlirdilər gözümün içinə baxırdılar ki, onu xilas edəcəksən. Xəstəxanaya gələnlər xilas olacam düşüncəsindəydilər. Çox şükür çoxun qurtara, kömək edə biliridik. Bəzən də əlimizdən heç nə gəlmirdi. Çox gec olurdu. Etdiyimiz bütün cəhdlər təəssüf ki, nəticə vermirdi.
Bir hadisə də yaddaşımdan çıxmır. Yenə yaralı gətiridik. Əsgər ayağının birini itirmişdi. Biz ona ilkin yardım etdik. Əsgər mənə sual verdi ki, mən protez geyinib yenidən cəbhə qayıda bilərəm? Döyüşlər davam edirdi. Yüngül yara alan geri qayıdıb döyüşmək istəyirdi.
– Bu gün yenidən belə bir vəziyyət yaransa, yenə müharibə bölgəsinə gedərdinizmi?
– Heç düşünmədən gedərdim. Allah göstərməsin, amma belə bir vəziyyət yenidən yaranarsa, mütləq gedərəm. Heç dayanmaram. Mən Bakıya gələndə əlimə xına çəkmişdim ki, Vətən üçün mən də qurban olum, şəhid olum. Təəssüf ki, olmadım. (ağlayır)
– Sizcə, müharibədə iştirak edən həkimlərin əməyi cəmiyyət tərəfindən kifayət qədər qiymətləndirilibmi?
– Xeyr. Onların əməyini tam qiymətləndirmək mümkün deyil. Çünki onlar orada həqiqətən cani-dildən xidmət edirdilər. Adi vaxtlarda həkimlik bir peşədir, amma müharibə şəraitində tamam başqa məsuliyyət daşıyırsan. Orada həkimlər özlərini əsirgəmədən çalışırdılar.

– Gənc həkimlərə müharibə təcrübənizdən çıxardığınız ən böyük dərs nə olardı?
– Məncə, onların orada gördükləri ömür boyu nə kitabdan oxuya biləcəkləri, nə də müəllimdən eşidə biləcəkləri bir dərsdir. Müharibə insana həm həkimlik, həm də insanlıq baxımından çox şey öyrədir. Orada sən bir xəstəyə sadəcə pasiyent kimi baxmırsan. Qarşında Vətən uğrunda döyüşmüş, yaralanmış bir insan görürsən və onun həyatını xilas etmək üçün bütün imkanlarını səfərbər edirsən.
Bu təcrübə gənc həkimlərə göstərir ki, həkimlik yalnız tibbi bilik və bacarıqdan ibarət deyil. Ən çətin anlarda soyuqqanlı qalmaq, düzgün qərar vermək, məsuliyyət daşımaq və insana ümid vermək də həkimliyin bir parçasıdır.
– Müharibə zamanı həkimlik borcunuzla Vətən qarşısındakı borcunuz necə birləşirdi?
– Bu, vəziyyətdən asılıdır. Bəzi hallarda bu iki anlayışı birləşdirirsən, bəzi hallarda isə fərqli yanaşmaq lazım gəlir. Bunu tam açıqlamayacağam.
Amma bir şeyi deyə bilərəm: qarşıma ölüm təhlükəsi ilə üz-üzə olan bir insan çıxanda ona kömək etməmək mümkün deyil. Mən həkiməm və əlimdən gələn yardımı etməliyəm.
– Bütün bunları danışmaq sizin üçün çətin görünür…
– Çox çətindir. Həmin vaxtlar haqqında danışmaq istəyəndə beynim sanki məni kilidləyir. Hətta yaşadıqlarımı xatırlamaq belə mənim üçün ağırdır.
Danışmağı bir kənara qoyaq, onları ağlıma gətirmək belə çətindir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə şəfa diləyirəm!
Gülər Hüseynli

