
Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Abşeron” yatağının
tammiqyaslı işlənməsinin təfərrüatlarını açıqlayıb.
“Yatağın tammiqyaslı işlənməsi çərçivəsində əlavə
quyuların qazılması, həmçinin yeni emal infrastrukturunun
yaradılması planlaşdırılır. Bu, yatağın resurs potensialından
səmərəli istifadə etməyə və ümumi hasilat əmsalını qabaqcıl
beynəlxalq qaz layihələrindəki göstəricilərlə müqayisə olunan
səviyyəyə çatdırmağa imkan verəcək”, – deyə şirkətdən şənbə günü
bildirilib.
Qeyd edildiyi kimi, “Abşeron” qaz-kondensat yatağının
tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul
edilib.SOCAR prezidenti Rövşən Nəcəf, TotalEnergies şirkətinin
kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz və
ADNOC/XRG-nin İcra Aparatının direktoru Ömər Əl-Suveyidi SOCAR, XRG
və “TotalEnergies” arasında imzalanmış sənədi mübadilə ediblər.
Mərasim sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda baş tutub.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan
təxminən 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25
kilometr şimal-şərqdə yerləşir. Strukturun sahəsi təxminən 270
kvadratkilometr, qaz ehtiyatları isə 350–400 milyard kubmetr
həcmində qiymətləndirilir. “Abşeron”da hasilata 2023-cü ilin
iyulunda bir dərin dəniz quyusundan istifadə edilməklə yatağın
ilkin işlənməsi mərhələsi çərçivəsində JOCAP operatorluğu ilə
başlanılıb.
Yatağın işlənməsinin ikinci mərhələsi hasil edilən məhsulun daha
sonra sahilə nəql olunması ilə sualtı hasilatı nəzərdə tutur.
Hasil edilən qaz və kondensat 140 kilometrlik çoxfazalı boru
kəməri ilə Səngəçal terminalına nəql olunacaq və burada sahildəki
qurğularda ayrılaraq emal ediləcək. İşlənmənin ikinci mərhələsi
hasilatın pik dövründə günə 12,7 milyon kubmetrədək qaz (ildə
təxminən 4,5 milyard kubmetr) və günə 37 min barel kondensat
hasilatını təmin edə bilər. Hasilata 2028-ci ilin sonu və ya
2029-cu ilin əvvəlində başlanılması gözlənilir.

