
Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın VNG
şirkəti Strateji Əməkdaşlıq Sazişi imzalayıb.
Bu barədə şənbə günü SOCAR-ın dərc etdiyi məlumatda qeyd
olunub.
“SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş
şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini
müəyyənləşdirir. Sənəd təbii qaz üzrə uzunmüddətli tərəfdaşlığı,
eləcə də bununla əlaqədar infrastruktur və tənzimləyici məsələləri
nəzərdə tutur”, – deyə məlumatda vurğulanır.
Həmçinin bildirilir ki, tərəflər enerji keçidi, habelə hidrogen
və onun törəmələri üzrə elmi-texniki məsələlər ilə bağlı da
əməkdaşlıq edəcəklər.
Xatırladaq ki, 2024-cü il iyunun 25-də SOCAR və VNG
təbii qaz və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın
genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.
Qeyd edək ki, VNG AG-nin baş ofisi Leypsiqdə yerləşən
Almaniya enerji qrupudur və Almaniya və Avropada 20-dən çox şirkəti
birləşdirir. Qrup təbii qaz idxalçısı və topdansatış tədarükçüsü,
həmçinin qazın nəqli və saxlanması sistemləri də daxil olmaqla,
kritik əhəmiyyətli qaz infrastrukturunun operatorudur.
VNG-nin fəaliyyəti beş əsas istiqaməti əhatə edir:
ticarət və satış, nəql, saxlama, bioloji qaz və rəqəmsal
infrastruktur. Şirkət həmçinin bioloji qaz və hidrogen də daxil
olmaqla, bərpa olunan və aşağı karbonlu qazların inkişafına
yönəlmiş VNG 2030+ strategiyasını həyata keçirir və enerji
sisteminin transformasiyasında iştirak edir.
2025-ci ilin yekunlarına görə, qrupun gəlirləri
təxminən 18 milyard avro, düzəliş edilmiş EBITDA göstəricisi 422
milyon avro təşkil edib, işçilərinin sayı isə 2 049 nəfərə çatıb.
VNG Almaniya, Polşa, Çexiya, Avstriya və İtaliya olmaqla, beş
ölkədə fəaliyyət göstərir.

