SEPAH ABŞ-nin hərbi bazalarını atəşə tutub

Baş səhifə

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin region
ölkələrindəki hərbi bazalarını raket və PUA-larla atəşə tutub.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat
yayıb.

“ABŞ-nin regiondakı hərbi bazalarına hücumlarda bir ədəd “Tad”
radar sistemi, bir ədəd “Patriot” sistemi və bir ədəd “C-Ram” radar
sistemi vurulub və məhv edilib”, – deyə SEPAH bildirib.




SEPAH qeyd edib ki, eyni zamanda ABŞ ordusuna məxsus helikopter
təchizatı anbarı, helikopterlərin saxlandığı anqar vurulub.

SEPAH əlavə edib ki, İran öz mənafeyi və təhlükəsizliyini
qorumaq məqsədilə ABŞ ordusunun mövqelərini atəşə tutur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.