
Bakı. Trend:
Almaniyada göyərtəsində iki nəfərin olduğu yüngülmühərrikli
təyyarə qəzaya uğrayaraq fərdi yaşayış evinin damına çırpılıb.
Nəticədə hər iki pilot həlak olub.
Bu barədə Bild nəşri məlumat yayıb.
Hadisə səhər saat 11:00 radələrində Aşağı Saksoniya əyalətinin
Oldenburq şəhəri yaxınlığında yerləşən Ganderkeze bələdiyyəsində
baş verib. Yüngülmühərrikli təyyarə hündürlüyünü itirməyə başlayıb
və burun hissəsi ilə fərdi evin damına çırpılıb. Zərbənin
təsirindən dam deşilib və tikiliyə ciddi ziyan dəyib.
Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinin
ətrafındakı 100 ev təxliyə edilib, həmçinin həmin ərazi üzərində
hava məkanı bağlanıb.
Əvvəlcə təyyarənin qalıqları arasında bir nəfərin meyiti
aşkarlanıb. Daha sonra isə deformasiyaya uğramış təyyarənin
içərisində sıxılmış vəziyyətdə olan ikinci şəxsin cəsədi
tapılıb.
Birinci və ikinci mərtəbələr arasındakı pilləkən hissəsində
ilişib qalan təyyarənin çıxarılması üçün xilasedicilər krandan
istifadə ediblər. Əməliyyat təxminən beş saat davam edib.
Xoş təsadüf nəticəsində ev sakinləri hadisə zamanı məzuniyyətdə
olduqları üçün xəsarət almayıblar.
Hava hərəkətinin izlənilməsi xidmətlərinin məlumatına görə,
qəzaya uğrayan təyyarə uzunluğu təxminən 8 metr olan Tecnam P2010
TDI modelidir. Təyyarə səhər saatlarında Bremen şəhərindən havaya
qalxıb, Ganderkezee aerodromunda qısa müddətlik eniş edib və oradan
yenidən havaya qalxdıqdan cəmi altı dəqiqə sonra qəzaya
uğrayıb.

